İD-“Taliban” qarşıdurması şiddətləndi CİHAD

Buna səbəb Əbü Bəkr əl-Bağdadinin Məhəmməd Öməri təhqir etməsi olub
İD-“Taliban” qarşıdurması şiddətləndi CİHAD

"İslam Dövləti" ("İD") terror təşkilatı ilə digər terrorçu təşkilat - "Taliban" arasında yaranmış fikir ayrılığı hər iki silahlı qruplaşma əmirlərinin cihad (müqəddəs savaş-red.) edlan etmələri ilə nəticələnib. SİA xəbər verir ki, bu barədə "The Oslo Times" nəşri yazır. Əfqanıstanın Hilmənd vilayətinin rəhbəri Nəbi Can Mollahil adıçəkilən nəşrə açıqlamasında deyib ki, cihadın elan edilməsi ilə bağlı müvafiq sənədlər ölkənin təhlükəsizlik güclərinin əlinə keçib.

Mollahil onu da qeyd edib ki, taliblərə qarşı çıxan yeni silahlı qruplaşmaların kütləvi şəkildə Əfqanıstana axışmalarını xarici xüsusi xidmət orqanları təşkil edirlər. Əsas məqsəd isə "Taliban"la hökumət arasında sülh danışıqlarına mane olmaqdan ibarətdir.

Adıçəkilən nəşr onu da qeyd edir ki, əslində bu, "İD" ilə "Taliban" arasında baş verən qarşıdurmadır və "İD"-i idarə edən xarici xüsusi xidmət orqanları onlara taliblərə qarşı cihad elan etməyi tapşırıb: "Bu, həm də ondan sonra baş verib ki, "İD"-nin əmiri Əbü Bəkr əl-Bağdadi "Taliban" əmiri Məhəmməd Öməri "ağılsız və savadsız hərbi rəis" adlandırıb. "İD" əmiri bəyan edib ki, bundan sonra Məhəmməd Ömərə nə dini, nə də siyasi tərəfdən etibar etmək olmaz".

Bildirilir ki, daha öncə "İD" ilə yaxınlıq barədə düşünən taliblər Bağdadinin həmin təhqirindən sonra heç vaxt "İslam Dövləti"-nin bayrağı altında döyüşməyəcəklərini deyiblər: " "İslam Dövləti"nin bayraqları heç vaxt Əfqanıstan torpağında dalğalanmayacaq".

Sonda isə bildirilir ki, yaxın günlərdə hər iki terror təşkilatı arasında şiddətli döyüşlərin baş qaldıracağı gözlənilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə