Sadettin Topukçu: “Kiprdə də Avropa Parlamenti çox səhvlərə yol verdi” MÜSAHİBƏ

Sadettin Topukçu: “Kiprdə də Avropa Parlamenti çox səhvlərə yol verdi” MÜSAHİBƏ

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Sadettin Topukçu Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarı və Papanın açıqlamaları ilə bağlı olaraq müsahibə verib. SİA müsahibəni oxuculara təqdim edir:

- Sadettin bəy, bu gün dünyada siyasi hadisələr Türk dünyasına və müsəlmanlara qarşı yönəldilməyə başlayıb. Qondarma erməni soyqırımı ərəfəsində Avropa Parlamentinin qəbul etdiyi qərara necə baxırsınız?

- Əslində Ermənilərin planlı olaraq hücumunu gözləyirdik. Amma hardan gələcəyini təxmin edə bilmirdik. Yavaş–yavaş onların iç üzləri ortaya çıxmağa başladı. Demək ki, bütün təsir mərkəzlərini, bütün siyasi mərkəzləri təsir altına alıblar. Daha öncədən bunun üçün çalışıblar. Son olaraq Avropa Parlamentinin verdiyi qərar təəssüf doğurur. Siyasi bir orqanın tarixlə bağlı olaraq bu şəkildə mühakimə edərək qərar verməsi çox təəssüfedici vəziyyətdir. Çünki siyasi bir orqanın əslində barış çağırışı etməsi lazımdır. Xalqları bir araya gətirici rolunu oynaması, var olan qarşıdurmaların qarşısına keçməsi lazımdır. Halbuki, Avropa Parlamentinin gördüyü bu işə baxdığımızda, tam tərsinə bir vəziyyət görürük. Avropa Parlamentinin xalqları savaşdırmaq və qarşılıqlı cəbhələr açmaq üçün daha çox işlər gördüyü görünür. Yəni bu, çox maraqlı bir vəziyyətdir. Belə çıxır ki, dünyada var olan savaşlar heç kəsə dərs olmayıb. Əvvəlki qarşıdurmaların qarşısına keçmək əvəzinə, daha da sabit olan mühiti gərginləşdirmək, qarşıdurmaları artırmaq üçün zəmin hazırlayır. Bunu açıq şəkildə deyə bilərəm ki, Avropa Parlamentinin qəbul etdiyi qərar Ermənistanı daha da uzlaşmaz hala, aqressiv vəziyyətə gətirəcək. Bundan heç kim heç nə əldə etmiş olmayacaq. Əgər məqsəd budursa, Avropa Parlamenti məqsədinə çatmış olacaq, bölgədə gərginlik daha da artacaq. Halbuki, Avropa Parlamentinin etməsi vacib olan hazırda mövcud olan vəziyyəti daha da stabil hala gətirərək, bölgədəki gərginliyi yatışdırıcı rolunu oynamaq idi. Hazırdakı mövcud həqiqətlər ortadadır. Bölgədə Ermənistanın işğalı əsas mövzudur. Azərbaycanın bir parçası 20 ildən artıqdır ki, işğal altındadır. İşğal olunan torpaqlarda həyata keçirilən bir qətliam, soyqırım, Xocalı faciəsi var. Azərbaycanın 20 faizdən artıq torpağı işğal edilib, bütün bunlara diqqət yetirilmir, amma 100 il geriyə gedərək Birinci Dünya müharibəsi içərisindəki bəzi hadisələr mövcud vəziyyətindən daha da şişirdilərək Türk xalqına qarşı istiqamətləndirilir, dünyaya reklam olunur. İnsanlar bəzi hadisələri yaddan çıxarda bilər, 3-5 il bundan əvvəl baş verən hadisələr də yaddan çıxarılır. Lakin bu gün insanlar adıçəkilən mövzuda heçnə bilməməsinə baxmayaraq, qərar qəbul edirlər. Bu gün Avropa Parlamentinin qəbul etdiyi qərar da buna nümunə göstərilə bilər. İnsanlar heçnədən xəbərsiz səs verərək qərar qəbul edir.

- Sizcə, Avropa Parlamentinin belə bir qərar qəbul edəcək səlahiyyəti varmı? Yəni tarix araşdırılmadan, beynəlxalq hüquq çərçivəsində axtarış aparılmadan belə bir qərarın qəbul edilməsi nə dərəcədə doğrudur?

- Tarix içərisində baş verən bəzi hadisələri siyasi bir hala çevirərək onun haqqında necə qərar vermək olar? Türkiyə ortaq bir tarix komissiyası formalaşdırılaraq bu hadisələrin araşdırılmasını istəmişdi. Ermənistan tərəfi bunu həmin anda rədd etmişdi. Onların nə üçün rədd cavabı verdiyinə baxmaq lazımdır. Açıq–aydın məlumdur ki, ortaq bir tarix araşdırması aparmaq istəmirlər. Deməli onların özləri yaratdığı qərəzli vəziyyətin davam etməsini istəyirlər. Çünkü ortaq tarix komissiyası həqiqətləri tərəf saxlamadan ortaya qoyacaq. Bəzi həqiqətlərin ortaya çıxması onlar üçün sərfəli deyil. Ona görə də ermənilər anında buna rədd cavabı verdilər. Mən Şimali Kipr Türk Respublikasının təmsilcisi olaraq bu mövzunu Kiprlə əlaqələndirmək istəyirəm. Kiprdə də Avropa Parlamenti çox səhvlərə yol verdi. Avropa İttifaqı da onlarla birlikdə çox səhvlər etdi. Çox təəssüf ki, bizim üçün bu qərarlar surpriz deyil. 2004-cü ildə BMT-nin baş katibi Kofe Annan Kiprin birləşmə planı ilə bağlı səsvermə təklif etdi. Apreldə Kipr Türk tərəfi bu anlaşmanı qəbul etdiyi bir vaxtda, Yunan tərəfi buna rədd cavabı verdi. Lakin bu anlaşmanı Yunanların rədd etməsindən 1 həftə sonra, Kiprin Yunan hissəsi Avropa İttifaqı tərəfindən birliyə tam üzv olaraq qəbul edildi. Tarixdə belə bir hadisə görülməmişdi. Çünkü səhv edən tərəf bu şəkildə mükafatlandırılmışdı. Belə bir vəziyyəti yaşamış insanlar olaraq, biz Avropa Parlamentinin verdiyi qərarı surpriz olaraq qəbul etmirik. Amma səhv etdikləri ortadadır. Onlar bilərək bu səhvləri edirlər. Dünyaya və Türkiyəyə mesaj vermək istəyirlər ki, bu ölkəni Avropa İttifaqının daxilində görmək istəmirik. Bu gün dünyanın barışa, bir yerə gələrək danışıqlar aparmağa ehtiyacı var. Lakin bunlar arzu edilən vaxtda çox təəssüf ki, Avropa Parlamenti səhv bir qərar qəbul edə bilir.

- Papanın bir neçə ay öncə Türkiyəyə gələrək müsəlman dünyasına, erməni və Türklərə barış mesajı verməsindən sonra, ermənilərlə bağlı bir neçə gün öncəki soyqırım sözünü işlətməsi ikili standartların yenidən nümayiş olunması kimi təqdim oluna bilərmi?

- Əslində Papanın belə bir açıqlama verməyi daha əvvəldən planlamışdı. Hər şeyi bilərək, planlaşdırılmış şəkildə addımlar atırlar. Sözün əsl mənasında Papa öz vəzifəsini yerinə gətirir. Çünkü Xristiyan birliyini hər bir vəziyyətdə ortaya qoyur. Biz Kiprdə də eyni vəziyyəti daha əvvəl yaşamışıq. Kipr Türklərinin başlarına gətirilənlər, onların müsəlman olmaqları və Türk olmaqlarından irəli gəlirdi. Kipr Türkləri Kiprdə zülmə məruz qalarkən, qətliamla üzləşərkən dünya səsini heç çıxartmadı. 1963-1974-cü illər arasında Kipr Türkləri qətliama məruz qaldı. Ölülərimiz toplum məzarlıqlarında basdırıldı, dünya isə səsini çıxartmadı. Lakin daha sonra 1974-cü il hadisələri ortaya çıxdığı bir vaxtda, Kiprin Yunanistana bağlanması üçün rum və yunanlar hərəkətə keçdikdən sonra, Türklər Kiprə öz haqlarından istifadə edərək müdaxilə etdiyində səsini çıxartmayan ölkələr, insanlar ortaya çıxaraq nə baş verdiyini soruşmağa başladılar. Biz isə cavablarını verdik. Çünkü onlar Kipri Yunanıstana bağlamaq istəyirdilər, Türklər də haqlı olaraq Kipr Türklərini xilas etmək üçün hərəkətə keçib. Avropa İttifaqı həmişə işin özlərinə sərf edən tərəfindən istifadə edirlər. 100 il sonra qondarma erməni soyqırımının da ortaya atılması qərəzlilikdən başqa bir şey deyil.

- Bu gün Ermənistan öz qonşusu olan Türkiyə ilə uzlaşaraq iqtisadiyyatını yaxşılaşdırmaqdansa, daha uzaq Avropadan mədət ummağa çalışır. Əgər Türkiyə ermənilərə qarşı tam düşmən siyasətindən istifadə edərsə, Ermənistan var olma təhlükəsi ilə qarşılaşa bilərmi?

- Əslində Ermənistanın bu günkü hərəkətləri çox maraqlıdır. Bu ölkə Türkiyə ilə qonşudur. Səyahət, ticarət və digər məsələlər üçün Türkiyəyə möhtac bir ölkədir. Buna baxmayaraq, gözlərini o qədər qan bürüyüb ki, qərəzli mövqelərinə davam edirlər. Halbuki, düşmənçilikdən vaz keçərək Türkiyə ilə işbirliyi həyata keçirsələr, onlar üçün hər şey yaxşı olacaq. Onların gözlərindən asılan yanlış pərdə o qədər qalındır ki, bütün olanlara baxmayaraq düşmənçiliklərini davam etdirirlər. Nə üçün etdiklərini düşündüyümdə, Ermənistandan kənarda fəaliyyət göstərən erməni diasporunun güclü və maliyyə baxımdan daha sağlam olduğunu görürəm. Başqa cür bunu məntiqə sığışdırmaq mümkün deyil. Ermənistanın xaricdəki diasporuna bağlı bir şəkildə belə addımlar atmağı özləri üçün gələcəkdə baş ağrısından başqa bir şey olmayacaq. Xalq siyasətə qulaq asmır. Pul qazanmağa ehtiyacı olduğu üçün ermənilər Türkiyəyə gedib işləməyə çalışırlar. Bütün bunları biz gördüyümüz halda onlar bizə qarşı düşmənçilik siyasətlərini davam etdirirlər.

- Əvvəl Papa, daha sonra isə Avropa Parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı Türk və müsəlman dünyasını hədəf alaraq qərar və fikirlər səsləndirdilər. Sizcə, bundan sonra hansı qurumlardan belə bir addımı gözləmək mümkündür?

- Göründüyü kimi Ermənistan bu məsələ ilə bağlı ciddi hazırlıq görüb. Siyasi orqanları öz tərəflərinə çəkə biliblər. Bəzi kanallardan belə bir qərarlar yenə çıxa bilər. Amma bir şeyə diqqət yetirmək lazımdır ki, bu nəyi dəyişdirəcək. Bir iki dövlət də erməni diasporunun təsiri altına girərək bəzi qərarlar verə bilər. Bunun onlara hansı müsbət nəsə vəd etməsinə baxmaq lazımdır. Bunların çoxalması sadəcə, statistikada rəqəm çoxluğu ifadə edir. Bunun xaricində bu qərarlar hər hansı vəziyyəti dəyişdirməyəcək. Onlara pozitiv heç bir təsir etməyəcək. Dolayısıyla bir neçə qanun çıxsa da, çıxmasa da bizim üçün artıq heç də önəmli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə