Sədaqət Vəliyeva: “Azərbaycan inkişaf tempini saxlayan nadir ölkələrdəndir” AÇIQLAMA

Sədaqət Vəliyeva: “Azərbaycan inkişaf tempini saxlayan nadir ölkələrdəndir” AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səslənən fikirlər və verilən bəyanatlar bir daha Azərbaycan dövlətinin gücünü, qüdrətini nümayiş etdirdi". Bu fikiləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ilin I rübünün nəticələri Azərbaycanın dayanıqlı inkişafının davam etdirildiyini sübut etdi: "Ümumi daxili məhsul 5 faizdən çox, qeyri-neft sektoru 7 faiz, sənaye istehsalı təxminən 4 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Bu müddət ərzində əhalinin pul gəlirləri inflyasiyanı 2 dəfə üstələyərək 5,3 faiz olub. İnflyasiya isə 2,8 faizdir. Eyni zamanda, I rüb ərzində ölkədə 30 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 25 mini daimidir, işsizlik və yoxsulluq isə 5 faiz səviyyəsindədir. Məhz, bu göstəricilər bir daha nümayiş etdirir ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti öz bəhrəsini verir. Hətta, dünyanı bürüyən qlobal böhrana baxmayaraq, Azərbaycan inkişaf tempini saxlayan nadir ölkələrdəndir. Bu səbəbdəndir ki, Azərbaycanın reallaşdırdığı islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görüb. Bütün bunlar eyni zamanda, Azərbaycan hökumətinin çevik və səmərəli anti-böhran addımlarının nəticəsidir".

"Azərbaycanın bu gün dünyada güclü və dayanıqlı olmasının əsas səbəbi xalq-iqtidar birliyidir", - deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu faktor ölkəmizin perspektiv inkişafının da özülünü təşkil edəcək və Azərbaycanın uğurlarının sayı daha da artacaq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə