Hikmət Babaoğlu: “Azərbaycan vacib tərəfdaşdır” AÇIQLAMA

Hikmət Babaoğlu: “Azərbaycan vacib tərəfdaşdır” AÇIQLAMA

"Azərbaycanın xarici siyasət strategiyası uzunmüddətli perspektivə hesablanmış, universal və balanslaşdırılmış xarici siyasətdir. Bu siyasətin əsas paradiqmasında əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət əsasında milli maraqları təmin edən siyasət dayanır". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ABŞ-Qərb və İran yaxınlaşmasının gələcəkdə ölkəmizə nələri vəd edəcəyi ətrafında gedən müzakirələrə münasibətini açıqlayarkən deyib.

Hikmət Babaoğlu qeyd edib ki, hansı beynəlxalq şəraitdə vəziyyətin necə yaranmasından asılı olmayaraq, Azərbaycan bütün prinsiplərə sadiqdir: "2011-ci il hadisələrindən sonra beynəlxalq münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu gün beynəlxalq siyasətin keyfiyyətini, formasını müəyyənləşdirən hegemon güclərin maraq dairələrində və fəaliyyətlərində müəyyən korrektələrin şahidi oluruq. O cümlədən regionda İran, Qərb və ABŞ arasında münasibətlərin istiləşməyə doğru getməsi də məhz beynəlxalq münasibətlərin yeni şərtlərindən yaranan bir vəziyyətdir. Belə bir vəziyyətdə əlbəttə ki, Azərbaycanı öz milli dövlət maraqları naminə bu proseslərin fəal iştirakçısı kimi diplomatik fəaliyyətini müşahidə edirik. İran Azərbaycanla ortaq tarixi keçmişə malik olan bir ölkə olduğu kimi, eyni zamanda Cənub qonşusudur. Ona görə də, indiki şəraitdə İranın Qərblə anlaşması bütün mənalarda Azərbaycanla da münasibətlərin yeni müsbət keyfiyyətlər əldə etməsinə gətirib çıxaracaqdır. Çünki Azərbaycan istər iqtisadi sektorda, istərsə də insan hüquq və azadlıqları, demokratiyanın inkişafı ilə bağlı Qərbə kifayət qədər inteqrasiya etmiş bir ölkədir. Həmçinin Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edən vacib bir tərəfdaşdır. Bunun Bakı-Tbilisi-Ceyhanın, Bakı-Tbilisi-Ərzurum, TANAP-ın timsalında şahidi oluruq. Bu mənada İran, Qərb və ABŞ münasibətlərinin yumşalmasının Azərbaycana həm iqtisadi, həm də siyasi dividentlər qazandıracağına şübhəmiz yoxdur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə