Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası və AMEA Dilçilik İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı"nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsinə dair tədbir keçirilib.
SİA-nın xəbərinə görə tədbirdə millət vəkilləri, ölkənin ictimai-siyasi həyatında fəallığı ilə seçilən vətəndaşlar və media nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, hər bir xalq kimi, Azərbaycan xalqı üçün də dil ciddi məsələdir: "Dünyada 5000 dil ölü, 4500-5000 dil isə canlı dil hesab olunur. Bu dillərdən isə cəmi 200-ü rəsmi dövlət dili elan olunub. Azərbaycan dili də canlı dillər qrupuna daxil edilib. Problemlərimiz var. Bu, danılmazdır. Bu yöndə də məhz bizim üzərimizə məsuliyyət düşür".
AMEA-nın Dilçilik İnsititutunun direktoru Tofiq Hacıyev deyib ki, Azərbaycanda dil ilə bağlı müəyyən problemlər yaşamaqdayıq: "Ölkədə dilin inkişafına diqqət yüksək səviyyədədir, dilçiliyə xüsusi diqqət yetirilir. Dövlət Proqramı qəbul edilib və sair. Dilçilik İnsititutu bu proqram əsasında işlər görür və gələcəkdə də bu yöndə aktivliyimizi artırmağa çalışacağıq. Bizim əsas problemimiz elmi dillə bağlıdır. Ədəbi dili Nəsimidən, Füzulidən öyrənirik. Niyə elmi dili öyrənə bilmirik?Çünki o dövrdə elmi əsərlər ərəb-fars dillərində yazılıb. Sovet dövründə yazılmış elmi əsərlərin xeyli hissəsi də rus dilindədir. Leksikonumuzda xarici sözlərdən istifadə edilir. Bu sözlərin Azərbaycan dilində qarşılığını tapmaqda bir qədər tənbəllik edilir. Bu işdə mətbuat bizə dəstək verməlidir".
MTRŞ sədrinin müavini Qafar Nəbiyev isə öz çıxışında qeyd edib ki, televiziyalarda ədəbi dilin normaları pozulsa da bunun qarşısı alınır: "MTRŞ bununla bağlı mütəmadi olaraq monitorinqlər keçirir. Müstəqillik illərində dilin inkişafı ilə bağlı qəbul olunmuş qaydalar, proqramlar dövlətin dilimizə diqqətinin bariz nümunəsidir. Xatirinizdədirsə, bir müddət öncə efirdə gedən proqramların 75 faizinin Azərbaycan dilində olmasını reallaşdırdıq. Bunun üçün müəyyən çətinliklər olsa da, bunun öhdəsindən gələ bildik. Düşünürəm ki, televizya aparıcıları onları izləyənlərə hər mənada nümunə olmalı, səlis danışıq nümayiş etdirməlidir. Televiziyalarda nöqsana yol verən aparıcılarn daha peşəkarlarla əvəz olunması vacibdir".
Tədbir mövzu ətrafında diskusiyalarla davam etdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB