YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirildi FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov və Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edirdilər.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Rayon Gənclər Mərkəzində öz işini davam etdirən konfrans Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə başladı.
Konfransı giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq Yeni Azərbaycan Partiyasının hər bir üzvü, o cümlədən Tərtər rayon təşkilatının ətrafında birləşən partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarının dönmədən həyata keçirilməsi, Ümummilli Liderin siyasi kursunun ən layiqli davamçısı, partiyamızın Sədri, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə olunan hər bir uğurda pay sahibi olmalarını qeyd etdi. R.Şabanov bildirdi ki, artıq dünyada layiqli yer tutub, söz sahibinə çevrilən Vətənimiz Azərbaycanın bu günü və gələcəyi üçün öz üzərinə məsuliyyətli bir vəzifə götürən Yeni Azərbaycan Partiyası kəmiyyət və keyfiyyət baxımından günbəgün genişlənir. "Bu gün onun sıralarında 650 min nəfərdən artıq partiya üzvü, doğma Vətənizimin çiçəklənməsi, qüdrətlənməsi, xalqımızın xoşbəxt və firəvan həyatının təmin olunması üçün bütün sahələrdə öncüldürlər. Bu gün rayon təşkilatı Gənclər Birliyinin konfransı böyük ruh yüksəkliyi şəraitində keçir. Tərtər rayonu mənfur erməni işğalçıları ilə 48 kilometrlik sərhəddə yerləşməsinə baxmayaraq, rayon sürətlə inkişaf edir. Son illərdə Tərtərin siması büsbütün dəyişib. Rayonda güclü abadlıq, quruculuq işləri aparılır. Bütün bu nailiyyətlərin əldə olunmasında müxtəlif sahələrdə fəaliyyət göstərən YAP üzvləri, o cümlədən gənclərimiz qabaqcıllar sırasındadırlar." YAP Tərtər rayon təşkilatının sədri çıxışının sonunda vurğuladı ki, tərtərli gənclər həmişə quruculuq-abadlıq işlərində rayon rəhbərliyi ilə birgə olduqlarını nümayiş etdirirlər.
YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Yadigar Səfərov ötən konfransdan keçən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Y.Səfərov qeyd etdi ki, bu gün YAP Tərtər rayon təşkilatı öz ətrafında 1392 nəfər partiya üzvünü birləşdirir. "Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd kimi iştirak edən gənc YAP üzvlərindən 55 nəfəri bələdiyyə üzvü, 8 nəfəri isə bələdiyyə sədri seçilib. Ötən ilki seçkilərdə bələdiyyə üzvü seçilənlər arasında gənclərin xüsusi çəkisi artaraq 35 faiz təşkil edib. 2014-cü ildə YAP sıralarına qəbul olunan 283 nəfərin 134 nəfəri gənclərdir."
Məruzədə qeyd olundu ki, tərtərli gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ölkəmizin durmadan və sürətlə inkişaf etdirilməsi istiqamətində yürütdüyü siyasətin həyata keçirilməsində fəal iştirakçı olmaqdan qürur duyurlar.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, YAP cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi həmişə ölkəmizdəki ictimai-siyasi proseslərin mərkəzində olub. "Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət, bütün sahələrdə inkişaf üçün möhkəm zəmin yaradır. O cümlədən gənclər siyasəti də buna bariz misaldır. Ötən illər ərzində gənclərə yönələn dövlət qayğısı bir neçə aparıcı istiqamətdə - gənclərin ictimai həyatda fəallığının artırılması, onların kütləvi şəkildə müxtəlif idman bölmələrinə və yaradıcı fəaliyyətə cəlb edilməsi, tələbə təqaüdlərinin artırılması və onların asudə vaxtlarının səmərəli təşkilində özünü əyani şəkildə büruzə verib. YAP Gənclər Birliyi əldə olunmuş bütün bu nəaliyyətləri gəncləri ətrafına toplayaraq fəal şəkildə təbliğ etmiş və həyata keçirdiyi çoxsaylı təbdirlərdə gəncliyin ulu öndər Heydər Əliyev ideyalarına və dövlətçiliyə sədaqət, həmçinin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə öz töhfəsini verir."
V.Rəhimzadə vurğuladı ki, bu gün ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin gənlərə diqqət və qaygısı olduqca böyükdür. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirir, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır. V.Rəhimzadə çıxışının sonunda YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar arzuladı.
YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov Partiyanın bügünkü Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışaraq konfrans iştirakçılarına öz tövsiyə və tapşırıqlarını verdi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz növbəsində ölkəmizdə gənclərə yüksək diqqət və qayğının göstərildiyini qeyd etdi. M.Məmmədov diqqətə çatdırdı ki, Azərbaycanda dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. "Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda intellektual potensialın yaradılması Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. YAP sıralarında birləşən gənclər yüksək intellektual potensiala malikdirlər."
Fəal gənc partiya üzvlərindən Samirə Səfərova, Anar Rüstəmov, Turanə Bayramlı çıxış edərək dövlətimiz tərəfindən gənclərə göstərilən qayğıdan, gəncliyin siyasi fəallığının artırılması istiqamətində Prezident İlham Əliyevin qəbul etdiyi qərarlardan söz açaraq bütün Azərbaycan gəncləri kimi, Tərtər gənclərinin də daim ölkə başçısının ətrafında sıx birləşdiklərini bəyan etdilər.
Sonra konfransda təşkilati məsələlərə baxıldı. Emin Pənahov YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri, Natiq Aslanov və Səadət Hüseynova isə sədr müavinləri seçildilər. YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçildi.
Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB