Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayevanın SİA-ya müsahibəsi
- Sevinc xanım, bilirsiniz ki, martın 21-də Beynəlxalq Daun Sindromu Günü kimi qeyd edilir. Bu günlə bağlı siz nə deyə bilərsiniz?
- 2006-cı ildən bəri martın 21-i Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə Beynəlxalq Daun Sindromu Günü kimi qeyd edilməkdədir. Bu tarix təsadüfi seçilməyib. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Cütlüyün nömrəsi (21) xromosomların miqdarı (3) nəzərə alınaraq hər il Beynəlxalq Daun Sindromu Günü kimi martın 21-də qeydolunmaqdadır.
- Bu tarixin əhəmiyyəti nədən ibarətdir?
- Dünyada hər 1000 uşaqdan birinin Daun sindromu ilə doğulduğunu nəzərə alsaq, onların cəmiyyətdə necə böyük bir yer tutduğunu anlayarıq. Düşünürəm ki, 21 mart Beynəlxalq Daun Sindromu Günü Daun sindromlu şəxslərin cəmiyyətə, sosial həyata inteqrasiyasının nə qədər önəmli olduğunu vurğulamaq baxımından olduqca əhəmiyyətlidir. Daun sindromu ilə doğulan insanlar da incəsənətin müxtəlif sahələri, ədəbiyyat, elmlə məşğul olur, özlərini təsdiq edirlər. Xüsusilə də incəsənətə olan meylləri, istedadları ilə seçilirlər. Bu isə onu deməyə əsas verir ki, Daun sindromlu şəxslər üçün cəmiyyətə adaptasiya gərəkli olduğu kimi, istənilən bir cəmiyyətin də onlara ehtiyacı var və bu da gərəkli amildir.
- Bilirik ki, Bakının ən gözəl yerlərindən birində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəz barədə nə deyə bilərsiniz?
- Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərməkdədir. Mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis olunub. Hazırda 125-i 18 yaşaqədər, 15-i isə 18 yaşdan böyük olmaqda, 140 nəfər mərkəzdə qeydiyyatdadır. Burada Daun Sindromlu şəxslərin reabilitasiyası aparılır, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların zehni cəhətdən təkmilləşməsi istiqamətində işlər görülür. Yəni, onları birləşdirən ümumi bir mərkəz fəaliyyət göstərir ki, bu da onlarda yüksək ruh yaradır.
- Mərkəzdəki Daun Sindromlu şəxslər arasında hansısa istedadı ilə seçilənləri varmı? Xahiş edirik onlara barəsində bizə məlumat verəsiniz.
- Əlbəttə, mərkəzimizdə özünəməxsusluğu ilə seçilən şəxslər kifayət qədərdir. Məsələn, Ziba və Nərgiz çətin riyazi hesablamaları bacarır, Rəşad gözəl rəsmlər çəkir. Validə, Sultan həddindən artıq pozitiv və ünsiyyətcil olmaları ilə seçilir. Süleyman, Nəsib şeirlər əzbərləməyi xoşlayır, Ramil, Afiq, Məsumə çox gözəl rəqs edə bilir və sairə. Ümumiyyətlə, uşaqların çoxu istedadlıdır. Bizim öhdəmizə düşən də onların potensialının üzə çıxmasına şərait yaratmaqdır.
- Rəhbərlik etdiyiniz təşkilat Daun sindromlu şəxslərin sosial həyata inteqrasiyası istiqamətində nə kimi tədbirlər həyata keçirir?
- Müntəzəm olaraq Daun sindromlu şəxslərin teatrlara, sərgilərə, konsertlərə ekskursiya və gəzintiləri təşkil olunur, onların müxtəlif universitetlərin tələbə-müəllim kollektivləri, habelə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri keçirilir. Həmçinin, tez-tez tanınmış ictimai-siyasi xadimlər mərkəzi ziyarət edirlər. Bütün bayramları uşaqlarla birlikdə qeyd edirik. Yeri gəlmişkən, fürsətdən istifadə edib hər kəsi Novruz bayramı münasibətilə də təbrik edirəm.
- Bu tədbirləri keçirməkdə əsas məqsədiniz nədir?
- Başlıca məqsədimiz ictimaiyyətin diqqətini bu uşaqlara yönəltməkdir. Amma təəssüflər olsun ki, hələ də bir çox insanlar Daun sindromlu uşaqlara problem kimi yanaşırlar. Düşünürəm ki, bu stereotiplərdən qurtulmaq lazımdır. Daun sindromu xəstəlik deyil, genetik fərqlilik, anomaliyadır. Belə bir insan valideynlərinin kimliyindən və həyat tərzindən asılı olmayaraq hər bir ailədə doğula bilər. Artıq 10 ildir ki, qeyd edilən Beynəlxalq Daun Sindromu Günü bu il "Mənim imkanlarım, mənim seçimlərim" şüarı ilə keçirilir. Bununla əlaqədar Daun sindromlu şəxslərin iştirakı ilə "Flashmob" keçirdik. Qeyd edim ki, məhz Daun sindromlu şəxslərin iştirakı ilə "Flashmob" Azərbaycanda ilk dəfə baş tutdu. İzləyicilər tərəfindən alqışa layiq bir tədbir oldu ki, burada da əsas məqsəd onların nəyə qadir olduqlarını bir daha cəmiyyətimizə göstərmək və bu barədə məlumatsız olanların diqqətini Daun sindromuna çəkmək idi.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB