Nazirlər arasında Əməkdaşlıq haqqında protokol imzalanıb YENİLƏNİB

Nazirlər arasında Əməkdaşlıq haqqında protokol imzalanıb YENİLƏNİB

Bu gün Sudan Respublikasının xarici işlər naziri Ali Ahmed Karti Azərbaycan Respublikasında rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, nazirlər arasında həm təkbətək, həm də geniştərkibli görüş keçirilib. Müzakirələrdə iki ölkə arasındakı əlaqələr, regional və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Nazir Elmar Məmmədyarov bildirib ki, Sudan Respublikasının xarici işlər naziri Ali Ahmed Karti ötən gündən etibarən Azərbaycan Respublikasında rəsmi səfərdədir: "Biz bu gün Azərbaycan-Sudan arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu əlaqələrinin daha da gücləndirilməsi istiqamətində fikirlərimizi bölüşdük. Hər iki ölkə siyasi baxımdan BMT, Nyu-York, Cenevrə və beynəlxalq təşkilatlarda səviyyəsində yaxşı əməkdaşlıq edir. İki ölkə arasında əməkdaşlıq beynəlxalq təşkilatlarda yüksək səviyyədədir. Biz bir-birimizə dəstək veririk".

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olarkən dəfələrlə Sudana dəstək olub: "Sudan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq müzakirələrdə Azərbaycanın mövqeyini tam şəkildə dəstəkləyib. Çünki ölkəmizin mövqeyi ədalətlidir və beynəlxalq hüquqa uyğundur. Bizim üçün həm də ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi daha önəmlidir. Ümumiyyətlə Sudan dövləti çox varlı bir ölkədir. Onun neft, qaz, qızıl və s. cəhətdən imkanları var".

Sudan Respublikasının xarici işlər naziri Ali Ahmed Karti isə diqqətə çatdırıb ki, bu onun Azərbaycan ikinci səfəridir: "Mən ölkənizdə müsbət dəyişikliklərin şahidi oldum və Bakıda olmağıma görə də çox şadam. Biz ölkənizə uğurlar arzulayırıq. Beynəlxalq təşkilatlarda hər iki ölkə bir-birini tanıyır və dəstək nümayiş etdirir. DQ məsələsində də biz Azərbaycanın mövqeyini dəstəkləyirik. Bizə məlumdur ki, Azərbaycan bütün sahələrdə günü-gündən inkişaf edir. Təbii ki, biz də bu təcrübədən faydalanmaq istəyirik. Azərbaycan Dövlət Neft Akademiyasında sudanlə tələbələrin təhsil almasında maraqlıyıq. İsərdik ki, qarşılıqlı müstəvidə hər iki ölkənin tələbələri təhsil alsınlar. Bizim üçün həm də ölkənizin investisiya əlaqələrinin fəaliyyəti xüsusi önəm kəsb edir".

Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə Azərbaycan-Sudan arasında Əməkdaşlıq haqqında protokol imzalanıb.

Daha sonra jurnalistlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə