Sərraf Kərimov: "Ticarət mərkəsində ölən 17 nəfərdən ikisi azərbaycanlıdır" ÖZƏL
"Kazanda ticarət mərkəzində baş verən irimiqyaslı yanğın zamanı ölənlərin sayı 17 nəfər olub. Onlardan yalnız iki nəfəri azərbaycanlıdır". Bunu SİA-ya Dünya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyinin sədri Sərraf Kərimov Azərbaycan mətbuatında guya hadisə zamanı xeyli sayda azərbaycanlının həlak olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Təşkilat sədrinin sözlərinə görə, yalan informasiya verməklə insanları çaxnaşmaya salmağa heç bir lüzum yoxdur: "Sadəcə olaraq yanğın zamanı iki azərbaycanlı dünyasını dəyişib. Onlardan biri Gədəbəy rayonundan olan 1996-cı il təvəllüdlü Paşayev Pərviz Telman oğlu, digəri isə 1961-ci il təvəllüdlü Muxtarova Tamella Hüsnü qızıdır. Onların cənazəsini şəxsən özüm bu gün Moskvadan Azərbaycana yola salmışam. Bu işlərlə bilavasitə özüm məşğul olmuşam. Orada üçüncü azərbaycanlı yoxdur. Bu barədə yayılan məlumatlar yalandır. Ümumi statistikaya əsasən hadisədə 17 nəfər dünyasını dəyişib. Həlak olanlar arasında tacik, özbək, türk, rus və tatarlar olub".
Qeyd edək ki, Tatarıstanın paytaxtında yerləşən "Admiral" Ticarət Mərkəzində 4 min kvadrat metr ərazini əhatə edən yanğın martın 11-də baş verib. Yanğın 8 saatdan sonra söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB