"İrəli" İctimai Birliyinin İsmayıllıda şöbəsi açıla bilər İcra başçısı
Bu gün "İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə təşkil etdiyi "Gənc Əkinçi" layihəsinə yekun vurub. SİA-nın məlumatına görə, martın12-15-dək davam edən "Gənc Əkinçi"nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaq idi.
Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edib. Layihəyə cəlb edilən gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçirilib. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.
İsmayıllı şəhərində təşkil olunmuş Akademiyanın üzvləri bu gün İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tərəfindən yenidən qəbul olunub. İcra başçısı əvvəlcə rayonda tikiləcək Gənclər Mərkəzinin maketi ilə iştirakçıları tanış edib. Vurğulanıb ki, burada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün hər bir şərait kitabxana, komputer otaqları və s. yaradılacaq".
M.Sadıqov diqqətə çatdırıb ki, artıq İsmayıllıda yeni-yeni obyektlərin, təhsil müəssisələrinin tikintisi davam edir: "Bu gün təhsil vaciblik, prinsipiallıq tələb edir. Biz istəyirik ki, "İrəli" İB-nin İsmayıllı rayonunda şöbəsini yaradaq. Mən istərdim ki, Azərbaycan sizin timsalınızda çiçəklənsin və daha da inkişaf etsin".
Vurğulanıb ki. İsmayıllı rayonu ilə Yaponiyanın "İTO" şirkəti arasında müqavilə bağlanıb: "Həmin müqavilə çərçivəsində bizim və sözügedən dövlətin 5 nəfər tələbəsi qarşılıqlı olaraq Azərbaycan və Yaponiyada təhsil alacaqlar. Bununla belə Yaponiya şirkətləri İsmayıllıda müəyyən obyektlərin istifadəyə verilməsində yaxından iştirak edəcəklər. Bu gün ermənilər heç vaxt bizim bir millət kimi yaşamağımızı və inkişaf etməyimizi istəməyib və istəməyəcək də. Hesab edirəm ki, biz düşmənin dilini, mədəniyyətini yaxşı bilməliyik ki, ona layiqli cavabı verək".
Sonda İcra başçısı "İrəli" İB-nin sədri Mirhəsən Seyidova İsmayıllının mənzərəsini özündə təcəssüm etdirən hədiyyə təqdim edib. Bununla belə, Akademiya iştirakçılarının xanım üzvlərinə İsmayıllının milli geyim elementi olan Kalağayı hədiyyə olunub.
Qeyd edək ki, "İrəli" İB-nin "Gənc Əkinçi" Akademiyası layihəsinin təlimlərdən sonra yaradılacaq qrupla mütamadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin Kütləvi İnformasiya Vasitələrində təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il İsmayıllı şəhərinin "Gənclər paytaxtı" elan edilməsini nəzərə alaraq təlimlər məhz bu rayonda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB