Martın 11-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirildi. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Fərhad Qəribov və partiya fəallarının, gənclərin iştirakı ilə keçirilən konfransda iştirakçılar ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Konfransı giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirdi ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb. "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir." A.Kərimli vurğuladı ki, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də uğurlu gənclər siyasəti təşkil edir.
Konfransda YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Tarverdiyevin hesabat məruzəsi dinlənildi. N.Tarverdiyev qeyd etdi ki, hal-hazırda YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyi 3625 nəfər gənci öz sıralarında birləşdirir, bu da rayonumuzda ümumi sayı 8160 nəfər olan YAP üzvlərimizin 44,4 %-ni təşkil edir. "Gənc üzvlərimizdən 1230 nəfəri, yəni 34 %-i qadınlar, 805 nəfəri, yəni 22% -i ali təhsilli gənclərdir. Bu gənclər sağlam ruhlu, vətənpərvər, yüksək intellektə malikdirlər. YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyi olaraq bizlər sıralarımıza yeni qoşulan gənclərlə mütamadi olaraq təbliğat-təşviqat xarakterli görüşlər keçirir, ölkədə baş verən ictimai-siyasi yönümlü prosesləri təhlil edir, günün mühüm hadisələri barədə diskusiyalar aparırır, ölkə Prezidentinin xarici ölkələrə rəsmi və işgüzar səfərləri, habelə beynəlxalq təşkilatların, siyasi qurumların Azərbaycana olan marağını və mövqeyini gənclərə aydınlaşdırırıq." YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri vurğuladı ki, ulu öndər Heydər Əliyev ideyalarını dəstəkləyən gənclər bu gün ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər.
Məruzə ətrafında YAP Kürdəmir rayon təşkilatının baş təlimatçısı Məhəmməd Heydərli, rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov və şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova çıxış edərək YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini qənaətbəxş hesab etdilər. Konfransda çıxış edənlər qarşıdakı dövrdə Gənclər Birliyinin vəzifələri haqqında danışdılar, öz rəy və təkliflərini bildirdilər. Bütünlükdə gənclərə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə respublikamızda gənclər üçün yaradılan böyük imkanlardan və yüksək şəraitdən danışaraq, bu gün gəncliyə olan dövlət qayğısından söz açdı. V.Rəhimzadə vurğuladı ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb. "Ulu öndər hər zaman vurğulayırdı ki, bir dövlətin gənci öz ölkəsinin, millətinin gələcəyinə inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə qoşulmursa, proseslərə biganə yanaşırsa o zaman, o millətin gələcəyi olmaz. Yeni Azərbaycan Partiyası Partiyanın qurucusu, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictmai, sosial-iqtisadi həyatında gənclərin fəal iştirak etməsi üçün bütün imkanlardan istifadə edir. Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin sayı artmaqdadır. Bu onu göstərir ki, gənclər Yeni Azərbaycan Partiyasının timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür və öz potensiallarından respublikamızın inkişafı ücün istifadə edirlər." Dövlətimizin banısı, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışan V.Rəhimzadə bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin gənclərə verdiyi önəmi vurğulayaraq bütün ictimai-siyasi proseslərdə gənclərin fəal iştirakını qeyd etdi. V.Rəhimzadə çıxışının sonunda gəncləri ölkənin uğurlu inkişafında daha fəal olmağa səslədi.
Sonra konfransda təşkilatı məsələlərə baxıldı. Konfrans iştirakçılarının səs çoxluğu ilə Daşqın Rəhim oğlu Rüstəmov YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi. Nemət Şiraz oğlu İsmayılov və Elnur Qürbət oğlu Məmmədli isə Gənclər Birliyinin sədr müavinləri seçildilər. Konfransda, həmçinin rayon təşkilatının Gənclər Birliyinin 17 nəfər tərkibdə Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyəti seçildi. Eyni zamanda konfransda YAP Gənclər Birliyinin IV konfransına 2 nəfər nümayəndə seçildi.
Orxan Vahidoğlu, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB