AIDA rəhbəri Nyu-Yorkda sil-silə görüşlər keçirib

AIDA rəhbəri Nyu-Yorkda sil-silə görüşlər keçirib

4 mart 2015-ci il tarixdə Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) Xarici Əlaqələr və Vəkillik Ofisinin rəhbəri Maykl O’Neillə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı, Ə.Şıxəliyev qarşı tərəfə AİDA Agentliyinin fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq layihələri barədə məlumat vermişdir. Daha sonra tərəflər müxtəlif sahələrdə, eləcə də Ebola epidemiyası ilə mübarizədə AİDA və BMT İP arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

5 mart 2015-ci il tarixdə AİDA Agentliyinin rəhbəri Ə.Şıxəliyev BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibinin müavini Xaviyer Mişonla görüşüb. Görüş zamanı, tərəflər informasiya və kommunikasiya texnologiyaları, maliyyə xidmətləri, su təchizatı və sanitariya sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

5 mart 2015-ci il tarixdə Nyu-Yorkda Ə.Şıxəliyev həmçinin BMT İP-in administratorunun köməkçisi, BMT İP-in Proqram Siyasəti Ofisinin direktoru Maqdi Martinez-Solimanla görüşüb. Tərəflər müxtəlif sahələrdə, o cümlədən Afrika ölkələrində Ebola epidemiyasının qarşısının alınması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə