Ağstafada YAP Gənclər Birliyinin IV konfransı keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə partiya fəalları və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra konfrans öz işini Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qərargahında davam etdirib. Konfransda "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, Yeni Azərbaycan Partiyası üzvü olan gənc nəslin düzgün yetişdirilməsi ölkəmizin, onun rəhbərliyinin siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özünü doğruldur.
Konfransda çıxış edən "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, bu gün ölkəmizdə prezidentimiz İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Ulu Öndərimiz Heydər Əliyevin dediyi o müdrik sözlər - "Hər bir şəxsin qürur mənbəyi, onun milli mənsubiyyətidir. Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!", hər bir müasir gənclər üçün ilham mənbəyidir. Bütün gənclər bu sözlərin böyük fəlsəfi mənasını anlayaraq ölkəmizi, xalqımızı necə sevməli və qurub-yarıtmaq əzmini necə olduğunu çox gözəl anlayırlar. Çıxışının sonunda Bəhruz müəllim yeni seçiləcək Şura üzvlərinə, sədrə uğurlar və konfransın işinə müvəffəqiyyətlər arzulayıb.
Sonra Yeni Azərbaycan Partiyası GB-in sədr müavini Layiq Qələndərli hesabat məruzəsi ilə çıxış edib. Gənc partiyaçılardan Elvin İmaməliyev, Nofəl Tomayev, Şəfiqə İsmayılova, Hürü Namazova və başqaları mövzu ətrafı çıxışlar ediblər.
Sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Gənclər Birliyinin şurasının 19 nəfər, idarə heyətinə isə 9 nəfərdən ibarət üzv seçilib. Rayon təşkilatının Gənclər Birliyinin sədri Layiq Qələndərli, müavinləri isə Şəfiqə İsmayılova, Nofəl Tomayev və Elvin İmaməliyev seçilib.
Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Yeni Azərbaycan Partiyasının fəxri fərmanları və qiymətli hədiyyələri, partiya sıralarına yeni daxil olan gənclərə vəsiqələr təqdim edilib.
Sonda konfrans iştirakçıları adından ölkə başçısı Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB