Kitabın təqdimat mərasimi keçirilib SƏS TV

Kitabın təqdimat mərasimi keçirilib SƏS TV

Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İbrahim Məmmədovun Azərbaycana qarşı Sumqayıt Təxribatı - "Qriqoryanın İşi" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan baş prokurorun birinci müavini Rüstəm Usubov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov millət vəkilləri Hadı Rəcəbli, Yaqub Mahmudov və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Urxan Ələkbərov söyləyib ki, sözügedən kitab üç dildə - Azərbaycan, rus, və ingilis dillərində nəşr edilib. Onun sözlərinə görə, Sumqayıt Təxribati "Qriqoryanin İşi" adlı kitab akademiyada dərs vəsaiti kimi istifadə olunacaq. O həmçinin deyib ki, sözügedən kitabın ön sözünün müəllifi və elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.

Kitabın müəllifi İbrahim Məmmədov bildirib ki, bu kitab Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur: "Kitabda faktlar və sənədlər əsasında sübut olunub ki, 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla 32 nəfərin ölümünə səbəb olan bu hadisələr erməni fitnəkarlığının və SSRİ DTK-nın Azərbaycana qarşı çox qəddarlıqla düşünülmüş təxribatı, ermənilərin tarixən qonşu xalqlara, birinci növbədə Qafqazın türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri təcavüzkarlıq siyasətinin mühüm həlqələrindən biridir".

Daha sonra çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib ki, 1988-ci ildə Sumqayıtda törədilən hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıblar: "Sumqayıt şəhərində törədilmiş cinayətlərlə bağlı aparılmış istintaq və məhkəmə prosesləri zamanı onların əsl günahkarları məsuliyyətə cəlb olunmayıb. Sumqayıt hadisələri ilə bağlı MTN, Baş Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb. Məlum olub ki, vaxtilə hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıblar. İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmayıb, gizlədilib, cinayətin bütün iştirakçıları müəyyən edilməyib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb, onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəbi qətiyyən araşdırılmayıb. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov isə çıxışında bildirib ki, istər 1988-ci Sumqayıt, istər 1990-cı il Bakıdakı 20 yanvar hadisələrinin dərin tarixi kökləri var: "Uzun illərdir tarix saxtalaşdırılıb. Bizə təlqin edilib ki, Qafqazın aborigen əhalisi ermənilər və gürcülərdir, azərbaycanlılar isə vəhşi və gəlmələrdir. Bu belədirmi? Ermənilər aborigendirmi? Xeyr. Əsl həqiqət budur ki, onlar bölgəyə gəlmələrdir. Onlar "Armenia" və "erməni" adını da oğurlayıb. Onlar heç hay da deyillər. Tarixdə "Böyük Ermənistan" adlı dövlət də olmayıb. Paytaxt olaraq "Tiqranakert" adlandırdıqları şəhərin xarabalıqlarından da ermənilərə aid bircə dənə də olsun maddi-mədəniyyət abidəsi, erməni dilində yazılı kitabə tapılmayıb".

Tədbirin davamında məsələ ətrafında bir sıra çıxışlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə