Pirallahı rayonunda hesabat yığıncağı keçirildi FOTOLAR

Məqsəd Bakı şəhəri üzrə qabaqcıl rayonlardan birinə çevrilməkdən ibarətdir
Pirallahı rayonunda hesabat yığıncağı keçirildi FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq ikinci ildir ki, tərəqqi yolu ilə inamla irəliləyir. Ötən il ərzində qazanılan uğurlar 2015-ci il 20 fevral tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalanıb. SİA-nın verdiyi məlumata görə, yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmisi Tağı Tağıyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak ediblər.

Hesabat yığıncağını giriş sözü ilə Pirallahı RİH Başçısı Vasif İmanov açaraq 2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini və həmin iclasda möhtərəm Prezidentin artıq tarixə çevrilən 2014-cü il ərzində Respublikamızın sosial-iqtisadi inkişaf dinamikasını müsbət qiymətləndirdiyini, keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini bildirib.

Daha sonra rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2014-cü il ərzində görülən işlər haqqında İcra Hakimiyyəti Başçısının hesabatını əks etdirən video-çarxa baxmağa dəvət edib.

Video-çarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırılıb. Bildirilib ki, cəmi iki il əvvəl yaranmasına baxmayaraq Pirallahı rayonu ölkəmizin inkişafına xidmət edən Dövlət Proqramlarının icrasında, qeyri-neft sektorunun inkişafında, ekoloji problemlərin həllində artıq öncül mövqelərə çıxmağa başlayıb. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 168 №-li tam orta məktəbin əsaslı təmiri başa çatdırılıb, Qarabağ müharibəsi cəbhələrində şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsinə "Vətən uğrunda" abidə-kompleksi ucaldılıb.

Prezident İlham Əliyev tərəfindən ötən il yanvarın 17-də təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapıb. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, 168 №-li orta məktəb üçün 15 əlavə sinif otağının və idman zalının tikintisi, 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Gənclər evinin tikintisi kimi mühüm bu və digər məsələlər əks olunub. Hazırda Pirallahı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik iki uşaq bağçasının tikintisi sürətlə davam edir.

Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın yüksək səviyyədə icrası və "Yüksək Texnologiyalar Parkı"nın tikintisinə yaxın müddətdə başlanması üçün 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılıb, kommunikasiya xətlərinin yeri dəyişdirilib, ərazi inşaat hasarına alınaraq tikinti işlərinin başlanmasına hazır vəziyyətə gətirilib.

Daha sonra tikintisi və əsaslı təmiri başa çatdırılmış və davam edən işlərdən söz açılıb, qeyd edilib ki, 2014-cü il oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Pirallahı rayonunda olub. Dövlət Başçısı Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun 15 km-lik hissəsinin istismara verildiyini bildirən lenti kəsib. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi ilə tanış olan Prezident İlham Əliyevə tikintidə işlərin 60%-nin yerinə yetirildiyi haqda məlumat verilib. Körpü və eləcə də yaxınlıqda inşa ediləcək Gürgən şəhəri haqqında məlumatlandırılan Prezident İlham Əliyev bundan sonra Pirallahı qəsəbəsinə gəlmiş, 29-cu məhəllədə və Fioletov küçəsində görülən işlərlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.

Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmış və istismara hazır vəziyyətə gətirilib. "Cörək və un məmulatları kombinatı" 30 min əhalini çörəklə təmin etməyə imkanı olan istehsal gücünə malikdir. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslərin tam avtomatlaşdırıldığı kombinatda 30 nəfər işlə təmin olunacaqdır.

"Azərsu" ASC tərəfindən həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində iyul ayından rayon əhalisinin keyfiyyətli içməli su ilə təminatına başlanılıb. Hal-hazırda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulub, sakinlər 24 saat ərzində içməli su ilə təmin olunurlar. Artıq qəsəbənin 28-ci, 29-cu və 40-cı məhəllələrinin, Səməd Vurğun küçəsinin, qismən Əzizbəyov və K.Rzayev küçələrinin sakinləri daimi içməli su alırlar.

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası, Heydər Əliyev Mərkəzi və YAP Pirallahı Rayon Təşkilatının inzibati binasının tikintisinə başlanmışdır. Pirallahı Rayon Polis Şöbəsinin və "Bakıelektrikşəbəkə" ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binalarının tikintisi başa çatmışdır.

"Nümunəvi Həyətlər2 layihəsi çərçivəsində işlər ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla başa çatdırılmış, daha sonra işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilmişdir. Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının təmirinə başlanılmışdır. İlk mərhələdə 22 binanın təmirinin 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. S.Vurğun küçəsinin magistral yola düşən hissəsi də abadlaşdırılır, yolun hər iki tərəfində dekorativ hasar inşa edilir. Pirallahı qəsəbəsinin mərkəzi yolunun genişləndirilməsi istiqamətində xeyli iş görülmüş, 10 ədəd köhnə tipli dayanacaq sökülərək yeni, müasir avtobus dayanacaqları quraşdırılmışdır. Fəaliyyətsiz qalan və baxımsızlıqdan yararsız vəziyyətə düşən 4 qazanxana əsaslı təmir olunaraq istismara verilmişdir.

İnsanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzində olmuşdur. Ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Məlum olduğu kimi sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır. Dəniz sahili boyunca 6 km-ə qədər ərazidə bulvar, park və yaşıllıqlar, çimərliklər salınacaq və artıq bu məqsədlə müvafiq hazırlıq işlərinə başlanılıb.

Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası il boyu davam etmiş, ümumilikdə Pirallahı rayonu yaranandan bəri ərazidə 100 mindən çox müxtəlif növlü ağac əkilmişdir. "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində İDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında və Çilov adasında ağacəkmə aksiyaları keçirilmişdir. Gürgan, Çilov və Neft Daşları qəsəbələrində abadlıq-quruculuq və yaşıllaşdırma işləri sistemli şəkildə davam etdirilmişdir.

Video-çarxda rayonun ərazisi və əhalisi, vətəndaşların qəbulu, təhsil, səhiyyə və idman sahəsində əldə edilmiş uğurlar, iqtisadi göstəricilər barədə də ətraflı məlumat verilmiş, Pirallahının prespektiv inkişaf planlarından geniş söhbət açılmışdır.

Hesabat ətrafında çıxış edən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Cavadova, "Neft Daşları" qəzetinin baş redaktoru Xeyrulla Ağayev, "Neftçi" İSM-in Pirallahı Stadionunun karate bölməsinin rəhbəri Nazim Möhsümzadə və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar, 2014-cü il ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etdilər. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı. Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev respublikada davam edən sürətli tərəqqidən ətraflı bəhs etmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.

Daha sonra "2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə dair" qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı və səsverməyə çıxarılaraq yekdilliklə qəbul edildi. Hesabat yığıncağı iştirakçıları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər. 2014-cü ildə rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş bir qrup sakin Pirallahı rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olundular.

Yeni yaradılmış Pirallahı rayonunda 2014-cü il ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, pirallahılılar növbəti illərdə də qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələcəklər, 2015-ci ilə yüksək göstəricilərlə yekun vuracaqlar. Prezident İlham Əliyev qeyd edir ki, "Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!" Bizim zəhmətkeşlərin məqsədi isə Pirallahını Bakı şəhərinin qabaqcıl rayonu səviyyəsinə yüksəltməkdən, inkişaf etmiş ölkənin ən cazibədar guşələrindən birinə çevirməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə