Gənclər günü Ədliyyə Nazirliyində qeyd olunub

2 fevral - Gənclər günü münasibətilə Nazirlikdə gənc ədliyyə işçiləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, gənclər əvvəlcə Fəxri xiyabana gələrək, bu bayramı bəxş etmiş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Nazirlikdə Heydər Əliyev muzeyində keçirilən tədbirdə sağlam düşüncəyə və mənəviyyata malik, vətənpərvər Azərbaycan gəncliyinin formalaşdırılmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub, bu gün Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunmasına, onlarda mənəvi dəyərlərimizə və dövlətçilik amallarımıza sadiqliyin aşılanmasına, intellektual və innovativ potensiallarının artırılmasına, beynəlxalq aləmdə rəqabətə davamlı gənclər kimi yetişdirilməsinə xidmət edən dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyi qeyd edilib.

Görüşdə yeni nəsil kadrların şəffaflıq əsasında ədliyyə orqanlarına qulluğa qəbulu, onların layiqli vətəndaş və dövlət qulluqçusu kimi formalaşdırılması, bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində mütəşəkkil işlərin görüldüyü vurğulanıb, hazırda ədliyyə işçilərinin təxminən yarısını gənclərin təşkil etdiyi, onların ədliyyənin bütün sahələrində əzmlə çalışdıqları, işə olan həvəslərinin stimullaşdırılması məqsədilə tədbirlərin həyata keçirildiyi, o cümlədən qulluqda fərqlənənlərin mükafatlandırılmaları, vəzifədə irəli çəkilmələri diqqətə çatdırılıb.

Tədbirdə Ədliyyə Nazirliyinin və Gənclər və İdman Nazirliyinin rəhbər işçiləri çıxış edərək Respublikamızda gənclər siyasətinin aktual istiqamətlərindən danışıblar, ölkə gənclərinin hamisi olan möhtərəm Prezidentimiz tərəfindən təsdiq olunmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" üzərində xüsusi dayanaraq, Strategiyanın bu sahədə yeni mərhələnin əsasını qoyduğunu və gəncliyin müasir dövrün tələblərinə uyğun inkişafında böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Yekunda gənclərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmaları bir daha qeyd edilməklə milli dövlətçilik ənənələrimizi layiqincə qoruyaraq yeni nəsillərə çatdırılmasının onların ümdə vəzifəsi olması bildirilib, yüksək bilik və bacarıqları sayəsində cəmiyyətimizin bütün sferalarının inkişaf etdirilməsinə bundan sonra da öz töhfələrini verəcəkləri əminliklə ifadə olunub.

Gənclər günü Ədliyyə Nazirliyinin struktur qurumlarında da geniş qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə