Aytən Mustafayeva: “Dövlətimizlə bağlı qərəzli çıxışların arxasında erməni lobbisi dayanıb” AÇIQLAMA

"ABŞ-ın Azərbaycanla bağlı fikirlərini ümumilikdə dövlət səviyyəsində deyil, ayrı-ayrı siyasətçilərin çıxışı kimi dəyərləndirirəm". Bu fikirləri SİA-ya Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva ABŞ-ın xarici siyasət şurasının Avropa və Avrasiya üzrə təhqiqatçısı E.Vayne Merrinin "Amerikanın səsi" radiosuna verdiyi müsahibəsində ölkəsinin Azərbaycana yönəlik siyasətində "haqq-hesab çəkməyin zamanı" iddiasına münasibət bildirərkən deyib. Millət vəkilinin fikrincə, ABŞ-ın rəsmi siyasi dairələri heç vaxt ölkəmizlə haqq-hesab çəkilməyin zamanı olduğunu deyə bilməz. Çünki Azərbaycan ABŞ üçün maraqlı tərəfdaşdır: "Bu baxımdan, bir sıra Qərb təşkilatlarının, həmin təşkilatlarda olan şəxslərin dövlətimizlə bağlı qərəzli çıxışlarının arxasında erməni lobbisinin dayandığını söyləyə bilərik".

"Ermənistanda insan hüquqları ilə bağlı vəziyyətin kifayət qədər pis olmasına rəğmən, bu kimi şəxslər və bu yöndə fəaliyyət göstərən təşkilatlar Sarkisyan rejiminə qarşı heç bir kəskin münasibət bildirmədi" -deyə xatırladan Aytən Mustafayeva onu da vurğulayıb ki, bunun əvəzində Azərbaycanda mövcud olan demokratik mühitə qarşı qərəz, aqressiya sərgiləyirlər: "Azərbaycanın Avropa, eləcə də Qərb üçün çox önəmli enerji tərəfdaşı olması əlbəttə düşmənləri qıcıqlandırır. Əminik ki, bütün bu kimi qərəzli çağırışların arxasında məhz erməni əli, erməni lobbisi dayanır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə