Azər Həsrət: "Azərbaycanda müzakirəsi yasaq heç nə yoxdur"

Azər Həsrət: "Azərbaycanda müzakirəsi yasaq heç nə yoxdur"

"Azərbaycan elə bir ölkədir ki, burada müzakirəsi yasaq heç nə yoxdur. Yəni, istənilən məsələni ölkə içində istər vətəndaşlar öz aralarında, istərsə də dövlət rəsmiləri ilə müzakirə edə bilərlər və bunun üçün hər cür şərait yaradılır". Bu fikirləri SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət müxalif yönlü QHT-lərin Azərbaycanla bağlı məsələləri xarici dövlətlərlə müzakirə etmələrindən danışarkən deyib.

A. Həsrət deyib ki, Azərbaycanın müvafiq qurumlarının rəsmi şəxsləri istənilən məsələ ilə bağlı qapılarını hər zaman açıq tuturlar: "Onlar həmişə belə müzakirəyə hazır olduqlarını deyiblər. Biz hər hansı bir məsələni müzakirə etmək istəyəndə də buna hazırlıqlarını nümayiş etdiriblər. Bəzi qurumların, şəxslərin Azərbaycanla bağlı məsələləri xarici dövlətlərlə müzakirə etmələrinə gəlincə isə deyə bilərəm ki, bunlar həmin təşkilatlar, şəxslərdir ki, ölkədəki sabit, yavuq mühit onları təmin etmir. Yəni, onlar Azərbaycanda sabitliyin, vətəndaş razılaşmasının, dövlətlə-vətəndaşın əl-ələ verib ölkənin çiçəklənməsi üçün çalışmasının olmasını istəmirlər. Bunlara lazımdır ki, Azərbaycanda suyu bulandırsınlar və balıq tutsunlar. Onun üçün tez-tez xarici ölkələrə gedərək, xarici təşkilatlarla birlikdə Azərbaycanda mövcud olmayan, özlərinin uydurduqları məsələlər ətrafında müzakirələr açırlar. İşin ən diqqət çəkən məqamı orasındadır ki, həmin müzakirələr zamanı qarşı tərəf dedikləri tərəfi də dəvət etmirlər. Yəni ittihamlar bir tərəfli olur. Birtərəfli şəkildə Azərbaycana yönəlik böhtanlar səsləndirilir. Həmin böhtanlara cavab verə biləcək adamlar həmin müzakirələrə dəvət edilmir. Bu da ondan xəbər verir ki, dediyimiz fikir həqiqətdir. Yəni, bu adamlar doğrudan da Azərbaycan böhtan ataraq, ölkədə qarışıqlıq yaratmaq, ölkənin imicini zədələmək üçün çalışırlar ki, beynəlxalq təşkilatların qarşısında ağlaşaraq özləri üçün pul qopara bilsinlər".

A. Həsrət qeyd edib ki, Azərbaycan dəfələrlə belə adamlara çağırışlar edib: "Əgər onlar doğrudan da normal həyat yaşamaq istəyirsə, bunun üçün Azərbaycanda heç bir problem yoxdur. Buyurun gəlin, müzakirələr açın. Əgər iradlarınız varsa, onları da səsləndirin. Yəni buna heç kəs yasaq qoymur. O şəxslərin hərəkətləri düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Yanvarın 12-də Milli Demokratiya Fondunun təşkil etdiyi müzakirələr də bunun bariz nümunəsidir. Orada da Azərbaycana qarşı əsassız ittihamlar səsləndirildi. Ancaq, bu ittihamlara cavab verə biləcək heç bir şəxs ora dəvət edilmədi. Bu bir daha sübut edir ki, belə adamların məqsədi heç də dialoq deyil, sadəcə olaraq Azərbaycanın imicini korlamaq, ajiotaj yaratmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə