“Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsi” mövzusunda seminar keçirilib FOTOLAR

“Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsi” mövzusunda seminar keçirilib FOTOLAR

Bu gün "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "20 Yanvar" hadisələrinin 25-ci ildönümü ilə əlaqədar "Azərbaycan ədəbiyyatında 20 yanvar faciəsi" mövzusunda elmi seminar keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə seminar iştirakçıları 20 Yanvar və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Çıxış edən GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı deyib ki, 137 dinc sakinin amansızca qətlə yetirildiyi, 1000-ə yaxın insanın müxtəlif bədən xəsarəti aldığı 20 Yanvar faciəsinə 1991-ci ildə ilk siyasi və hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verib.

M. Babaşlı vurğulayıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında qanlı izlər qoymaqla yanaşı, şərəfli bir tarixin, başlanğıcı olub.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunan filmin nümayişi olub.

Seminarın qonağı AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, şair-tərcüməçi, arxiv sənədləri üzrə mütəxəssis, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğlu "Azərbaycan ədəbiyyatında 20 yanvar faciəsi" mövzusunda keçirilən seminarın əhəmiyyətinə diqqət çəkib.

Bildirib ki, 20 Yanvar hadisəsi matəm günü kimi qeyd olunsa da bu tarixi hadisə Azərbaycan milli azadlıq hərəkatının təməlini qoyub, tariximizdə yeni bir səhifənin başlanğıcı olub.

Aradan keçən 25 illik bir zaman kəsiyində bu faciəni özündə əks etdirən bir-birindən dəyərli bədii əsərlərin qələmə alındığını qeyd edən R. Təhməzoğlu həmin əsərlərdən bir çox nümunələr gətirdi. Bununla yanaşı, bugünədək yazılan çoxsaylı əsərlərin mövcud olmasına baxmayaraq, 20 Yanvar mövzusunun hələ də dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq şəkildə mükəmməl bədii həllini gözlədiyini və bu sahədə gənc ədəbi qüvvələrin üzərinə böyük öhdəliklərin düşdüyünü xüsusi qeyd etdi.

Sonda, maraqlı və yaddaqalan çıxışına görə məruzəçiyə təşəkkürünü bildirən GEAD İctimai Birliyinin sədri M. Babaşlı bu tarixi faciənin ildönümünün qeyd olunmasının, gənc nəslin milli-ictimai təfəkkürünün formalaşması və vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyətini bir daha nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə