Səxavət Əlisoy: "Nəyi bacarırsa, etsin"

Səxavət Əlisov: “Azərbaycan Demokratiya və Rifah Hərəkatı təşkilatlandıqca Müsavatdakı böhran daha da dərinləşəcək”
Səxavət Əlisoy: "Nəyi bacarırsa, etsin"

"Bu tip danışıq tərzini İsa Qəmbərə yaraşdırmıram". Bu sözləri Müsavat Partiyasının keçmiş partiya funksioneri Səxavət Əlisoy İsa Qəmbərin narazı müsavatçıların əleyhinə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

S. Əlisoy vurğulayıb ki, illərdir yol getdiyi insanlar haqqında belə fikirlər işlətmək Müsavatın eks başqanına yaraşan hərəkət deyil: "Öz adımdan deyim ki, İsa Qəmbərin qarşısında nə gözü kölgəliyəm, nə də "ipotekam" var. O kimi nəzərdə tutursa, ad çəksin. Həbsxana jarqonları ilə danışmağa heç bir lüzum yoxdur. Belə hərəkətlərlə cəmiyyətdə nüfuz qazanmaq mümkün deyil. Fakt ortadadır və Azərbaycan Demokratiya və Rifah Hərəkatının formalaşması hiss olunur ki, artıq onlar arasında böyük narahatçılığa səbəb olur. Bu narahatçılığı aradan qaldırmaq üçün belə üsullara əl atır. Ona görə də nə bilirsə, kimi ifşa etmək istəyirsə, bir sözlə nəyi bacarırsa, etsin.

İsa Qəmbər dekabr ayında keçirilən məclisdəki çıxışı ilə odun üstünə benzin tökdü. Son iki məclisdə, noyabr və dekabrda keçirilən toplantılardakı çıxışında çox kəskin mövqe tutdu. Yəni, 20 ildir yol gəldiyi insanların ünvanına çox kəskin sözlər işlətdi. Bununla da məsələlərin daha da gərginləşməsinə səbəb oldu. Müsahibələrində qeyd edir ki, Hakimiyyətin planı vardı ki, Müsavat parçalansın. Lakin bu fikirlərin heç bir əsası yoxdur və əsla belə bir plan olmayıb. Çünki, Müsavat Partiyasının son qurultayında saxtakarlıq faktları aşkar olunub. Bu faktlara görə Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət olunsa, da heç bir nəticəsi olmayıb. Ancaq, Müsavat Partiyasının hakimiyyətə iradlarından biri odur ki, seçkini saxta keçirir. Ancaq, Mərkəzi Seçki Komissiyası belə seçkilərin keçirilməsi zamanı müxtəlif nöqsanların olduğunu açıqlayır və lazım gəlsə, bəzi seçki məntəqələrində seçkinin nəticələrini ləğv edir. Ancaq bizim Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciətimiz edilməməklə yanaşı, oradakılar özlərini süddən çıxmış qaşıq kimi tər-təmiz göstərməyə cəhd etdilər. Bununla da proseslər daha da dərinləşməyə başladı. Hesab edirəm ki, bu dərinləşmə, partiyada baş alıb gedən böhran hələ davam edəcək".

S. Əlisoy onu da deyib ki, narazı müsavatçılar öz yollarındadır: "Biz Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilatlanması ilə məşğuluq. Bunun kimi narahat etməsi bizi qətiyyən maraqlandırmır. Mübarizəmiz haqqın, ədalətin bərpa olunmasına qədər davam edəcək. Bu gün artıq, növbədənkənar qurultay məsələsi gündəmə gəlib. Hesab edirəm ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı təşkilatlandıqca Müsavatdakı böhran daha da dərinləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə