Mübariz Əhmədoğlu: “Ermənistanın reytinqi Serj Sarkisyanın taleyini yaşadı”

Mübariz Əhmədoğlu: “Ermənistanın reytinqi Serj Sarkisyanın taleyini yaşadı”

"2014-cü il Ermənistanın reytinqinin hədsiz çox aşağı düşdüyü ildir". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, bu il Qərbdə və Şərqdə heç kim Ermənistanı ciddi hesaba almayıb: "Avrasiya İqtisadi Birliyinin (AİB) Qazaxıstan, Belarus və Moskvadakı sammitlərində Ermənistanın Prezidenti Serj Sarkisyanın davranışı Ermənistan mətbuatında ciddi müzakirə mövzusu olub. Ancaq Serj Sarkisyanın yaxın ətrafı həmişə izah etməyə çalışıb ki, Serj Sarkisyanın davranışı lider davranışı idi. AİB-in Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Ermənistanın uydurma maraqlarının ziddinə bəyanat verdi və Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxudu. Serj Sarkisyan susdu. Onun administrasiyası bunu liderə yaraşan diplomatik manevr adlandırdı. Serj Sarkisyan Ermənistana qayıtdıqdan sonra isə həmin mövzu üzrə "xoruzlandı". Serj Sarkisyan Belarusun paytaxtı Minsk şəhərində MDB, AİB və KTMT sammitlərində iştirak zamanı da Ermənistanın müstəqilliyinə və Dağlıq Qarabağ siyasətinə toxunan addımlara heç bir reaksiya vermədi. Yenə Ermənistan mətbuatı Serj Sarkisyanın liderlik keyfiyyətini müzakirə obyektinə çevirdi. Rəsmilər yenidən özlərini təkrarladılar".

"AİB və KTMT-nin Moskva sammitləri zamanı da Serj Sarkisyan Ermənistanı AİB-ə üzv qəbul etdiklərinə görə qurumun təsisçilərinə minnətdarlıq etdi və Belarus prezidenti Aleksandr Lukaşenkonun parlaq çıxışından sonra çıxış etməyin mənasız olduğunu bildirdi. Prezident aparatının rəsmiləri Serj Sarkisyanın bu sammitdə də özünü əsl lider kimi apardığını bildirdilər". - politoloq bildirib.

M.Əhmədoğlunun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi və KTMT Rusiya məkanı hesab edilir: "Bu məkanda il ərzində keçirilən tədbirlərin heç birisində Serj Sarkisyanla heç bir ölkənin prezidenti rəsmi görüş keçirmədi, onu qəbul etmədi. Daha rüsvayçı vəziyyət Qərb məkanındadır. Serj Sarkisyan BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-da oldu, bir sıra əlavə tədbirlərdə iştirak etdi, ABŞ-a səfərinin müddətini bir qədər uzatdı. Bununla belə, Vaşinqtonun heç bir təmsilçisi Ermənistan dövlət başçısı ilə görüşmədi; NATO-nun Uels sammiti zamanı Böyük Britaniya və tədbirdə iştirak edən digər dövlət rəsmilərindən də heç kim Serj Sarkisyana vaxt ayırmadı; Vatikana səfəri zamanı da Serj Sarkisyan istədiyinə nail olmadı. Vatikan ümumiyyətlə Ermənistanın xristianlıqdakı iddia olunan rolunu inkar edir. Vatikanın fikrincə, xristianlıq erməni xalqının inkişafında həlledici rol oynayıb. Bu kontekstdə "Ermənistanın xristianlığı qəbul edən ilk dövlət" olması tezisi tamamilə iflasa uğradı. Vatikan Roma Papasının Türkiyəyə səfər zamanı həm də Ermənistana səfər etməklə bağlı Ermənistanın təklifini rədd etdi. Roma Papası Fransisk Türkiyəyə səfəri zamanı ən az diqqət verdiyi məsələ ermənilərə aid mövzular idi. Vatikan İtaliyanın ərazisində yerləşir. Serj Sarkisyanın İtaliyanın ərazisində olmasına baxmayaraq İtaliya rəsmilərindən heç kim Serj Sarkisyanla görüşmədi. Həmin dövrdə İtaliyanın Xarici İşlər naziri Federika Moqerini Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali təmsilçisi vəzifəsinə təyin edilmişdi. Bəlkə də Serj Sarkisyan məhz elə onunla görüşmək üçün İtaliya ərazisinə səfər etmişdi. Avropa Xalq Partiyasının qurultayında iştirakda Serj Sarkisyanın ən əsas məqsədi Aİ-nin yeni rəhbərliyi ilə görüşüb, Ermənistanın yeni "avrocanlanmanı" müzakirə etmək istəyirdi. Mübariz Əhmədoğlu vurğulayıb ki, qurultayda Avrokomissiyanın sədri Jan Klod Yunkerin və Aİ-nin prezidenti Donald Tuskun iştirak etməsinə baxmayaraq onlar da Serj Sarkisyanı qəbul etmədilər".

Politoloq deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş yubiley tədbirində sensasiyalı çıxış etdi: "Sən demə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üçüncü dövlətə qarşı yönəlibmiş. Serj Sarkisyan Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramının İsveç və Polşanın təşəbbüsü olduğunu və bu dövlətlərin, xüsusilə Polşanın Rusiyaya münasibətini çox gözəl bilir. "Şərq Tərəfdaşlığı" Proqramının başladığı 2009-cu ildən üzü bəri Rusiya hər ildə bir neçə dəfə Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramının Rusiyanın əleyhinə yönəldiyini rəsmi şəkildə bəyan edib. Serj Sarkisyan Aİ ilə anti-rusiya mahiyyətli danışıqlar apararkən, Aİ-yə üzv bəzi dövlətlərin rəhbərləri ilə Şimali Qafqazda vəziyyəti müzakirə edərkən və o zaman ki baş nazir T.Sarkisyan prezident Serj Sarkisyanın tapşırığı ilə Avropa İttifaqının rəhbərləri və avroparlamentariləri ilə Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasının mümkünlüyü barədə danışıqlar apararkən bunların mahiyyətini bilməməsi qeyri-mümkündür. "Ermənistanın Avropa ilə eyni dəyərin daşıyıcısı olduğu, amma arzuolunmadan SSRİ-nin tərkibinə düşməsi" tezisinin də müəllifi Serj Sarkisyandır. İndi həmin Serj Sarkisyan Avropa İttifaqını Ermənistanı anti-rusiyaçılığa sürükləməkdə ittiham edir. Avrokomissarları aldatdı, Ermənistanın "demokratikliyinə sənəd aldı", Aİ-dən doyunca yardım dartdı və sonradan geri çəkildi. Amma sakit dayanmır, Aİ-ni şərləyir. Bu, ermənilərin avrodəyərli lideri Serj Sarkisyanın orijinal əclaflığıdır".

M. Əhmədoğlu bildirib ki, İranın da Ermənistana münasibəti dəyişilib: "Satqınlığa, xəyanətə vərdiş vermiş Serj Sarkisyan 2014-cü ildə həm Rusiyanın, həm Aİ-nin, həm də İranının qarşısında özünü ifşa etdi. ABŞ mətbuatında Serj Sarkisyanın adı narkotik maddələrin və brilyant dövriyyəsində, eləcə də beynəlxalq intriqalarda hallandı. Ermənistan vətəndaşlarının və ermənilərin kriminal aktivliyi sürətlə inkişaf edir. Serj Sarkisyan və Katolikos II Qaregin erməni etnokriminallığının hamiləri və şərikləridir. Serj Sarkisyan yalançıdır. Bütün siyasi manerası Serj Sarkisyanın yalançı və blef ustası olduğunu sübut edir. Serj Sarkisyan saxtakardır. Sovet komsomolu ideyasını bir anın içərisində erməni millətçiliyi ideyasına dəyişdi. Serj Sarkisyanın sabit tərcümeyi-halı yoxdur. Xristian dəllallığı da onun saxtalığının nəticəsidir. Serj Sarkisyan cinayətkardır. Əli azərbaycanlıların qanına batıb. Dağlıq Qarabağ ərazisindəki azərbaycanlılarının soyqırıma və deportasiyaya məruz qalmasında şəxsən iştirak edib. Xocalı soyqırımının iki müəllifindən biridir. Serj Sarkisyan xəyanətkardır. Rusiyanın kifayət qədər inamını qazandı, sonradan ona arxadan xəncər sapladı. Avropa İttifaqını onun "Şərq Tərəfdaşlığı Proqramına" Ermənistanın qoşulacağına tam inandırmışdı. Bir gecənin içində Aİ-yə xəyanət etdi. Bütün azərbaycanlı dostlarına, onun əcdadlarını himayə edən azərbaycanlılara xəyanət etdi. Serj Sarkisyan xristianlıq ideyalarını ermənilərin uydurma maraqlarına xidmət etməyə vadar etdi. Bununla da o xristian ideyalarına xəyanət etdi. Belə satqın, xəyanətkar keyfiyyətlərinə görə əli qana batmış Serj Sarkisyanı indi Qərbdə və Şərqdə tanıyırlar və tanıdıqlarına uyğun rəftar edirlər. Ona görə də hörməti və nüfuzu aşağı düşür. İş burasındadır ki, Ermənistanın da reytinqi Serj Sarkisyanın reytinqinin taleyini yaşadı".

Bütün xəbərlər Facebook səhifəmizdə