ADR Hərəkatından Müsavata İTTİHAM

Səxavət Əlisoy: “Arif Hacılı Gülağa Aslanlını özünə şəmsiyyətutan müavin seçib”
ADR Hərəkatından Müsavata İTTİHAM

"Onlar nə zamana qədər ki Müsavatda sultanlıq sistemi yaradıblar və yalanlar söyləməkdə davam edəcəklər, bu partiyada mövcud vəziyyət düzəlməyəcək". Bu fikirləri SİA-ya Müsavat Partiyası başqanının keçmiş müşaviri, hazırda Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşkilat komitəsinin üzvü olan Səxavət Əlisoy Müsavatda olan yeni təyinatlara münasibətini bildirərkən deyib.

Eks-müsavatçı bu partiyada demokratik mühitin, ümumiyyətlə olmadığını bir daha deyib: "Yalnız ağlında problemi olan insanlar deyə bilər ki, Müsavatda bütün proseslər demokratik yolla həyata keçirilir. Qurultayda baş verən saxtakarlıq və ondan sonra davam edən fəaliyyətlər sosial şəbəkələrdə böyük təpkiylə qarşılandı. Partiyanın Səbail rayon təşkilatının konfransını keçirdilər daha sonra isə böyük səhv etdiklərini anlayıb konfransın nəticələri ləğv etdilər. İkram İsrafilin oğlu üçün saxtakar, partiyanın başını yerə soxacaq qədər səviyyəsiz bəyanat imzaladılar, alternativsiz sədr seçkisi keçirdilər, partiya sıralarından uzaqlaşdırılan Qubadlı rayon təşkilatına üzv olan bir müsavatçını partiyaya bərpa edib, daha sonra yenidən çıxardılar. Bütün bunlar əlbəttə ki, oyunbazlıqlarından xəbər verir. Guya bunlar demokratiya carçılarıdır, digərlərinin demokratiyadan anlayışı yoxdur və s".

Səxavət Əlisoy başqan müavini Gülağa Aslanlının başqan Arif Hacılının daha öncəki postuna rəhbər seçilməsinə də münasibətini açıqlayıb. Onun fikrincə, Gülağa Aslanlının Mərkəzi İcra Aparatına sədr təyin olunması isə Nizamnamədən tamamilə kənar vəzifə idi ki, onu məhz İsa Qəmbər Arif Hacılı üçün yaratmışdı: "Əgər Arif Hacılının başında zərrə qədər demokratiya anlayışı olsaydı, o anti-demokartik qurumu ləğv edərdi. Bu vəzifə partiya rəhbərinin köməkçisindən fərqli vəzifə deyil. Ora özlərinə sadiq olan adamı seçirlər ki, bunlar da Gülağa kimi sadiqi seçdilər. Müavini kimi, özünə şəmsiyyə (çətir-red.) tutanını təyin edib".

ADR hərəkatının funksioneri bildirib ki, Müsavat Partiyasını Arif Hacılı tək idarə etmir: "Bu gün partiyada özgür fikri olan bir nəfər belə, Arif Hacılının yanında dayana bilməz. Onu dərhal uzaqlaşdırarlar və yaxud da şantaj edərlər. Arif Hacılının özü də etiraf edib ki, qərar qəbul edərkən İsa Qəmbərlə məsləhətləşmələr aparır. Bu hansı anlama gələ bilər ki? Bunun bir anlamı var - Müsavat partiyası şərikli idarə olunur. Onlar bilməlidirlər ki, bu, uşaq bağçasının idarə olunması deyil, bu siyasi partiyanın idarə olunmasıdır".

ADR-in partiyaya çevrilə biləcəyi ehtimalına da münasibət bildirən Səxavət Əlisoy qeyd edib ki, bu barədə danışmaq hələ ki, tezdir. Çünki hazırda hərəkatın təşkilatlanması prosesi aparılır: "Qubad İbadoğlu ilə bir sıra müzakirələr aparmışıq və siyasi xəttimizin fərqli olacağını düşünürük. Artıq Azərbaycanın iki rayonunda təşkilat yaranıb. Çox ciddi işlər gedir".

Səxavət Əlisoy hərəkatın radikal, populist, küçə təfəkkürü ilə idarə olunmayacağını bildirib və deyib ki, əsas olaraq nəzərdə tutulub ki, ADR intellektə söykənən bir qurum kimi fəaliyyət göstərsin: "Populist fikirlərdən uzaq, intellektə söykənən bir xətt seçmişik. Qarşıya qoyduğumuz əsas məqsəd siyasi arenada ciddi siyasi islahatlara getməkdir. Biz öz yolumuzu, məhz bu istiqamətdə davam etdirməyi düşünürük".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə