Seçkilər demokratik və azad keçirildi

Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir
Seçkilər demokratik və azad keçirildi

Azərbaycanda hər zaman azad, şəffaf və demokratik seçkilər keçirilib. Bu, Azərbaycan dövlətinin öz prinsipidir. Bununla bağlı hər hansı ölkənin məsələ qaldırmasına ehtiyac yoxdur. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri hüquqi və demokratik dövlətin yaradılması idi ki, bu da reallaşdı. Bunun da əsası azad və demokratik seçkilərdən keçir. 1993-cü ildən bəri azad və demokratik seçkilər keçirilir. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda demokratik ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur. Belə ki, ölkədə ictimai-siyasi sabitlik hökm sürür, ən əsası ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur.

Azərbaycanda keçirilən növbəti 23 dekabr bələdiyyə seçkiləri də öz demokratikliyi və şəffaflığı ilə reallaşdı. Paytaxt və bölgələrdə, eləcə də ən ucqar kənd və qəsəbələrdə seçicilər yüksək əhval-ruhiyyə ilə seçkilərə qatıldılar. Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Səbail seçiciləri də fəallıq nümayiş etdiriblər.

YAP Səbail rayon təşkilatı sədrinin müavini, rayon Seçki Qərargahının sədri Muxtar Nağıyev partiyanın böyük seçki təcrübəsinin olduğunu qeyd edərək bildirdi ki, səhər saat 8.00-dan bütün məntəqələrdə seçkilər başlayıb: "29 saylı Səbail seçki dairəsinin 30 məntəqəsində 37848 seçici, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 10 məntəqəsində seçicilər səs veriblər. Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15, Bibiheybət bələdiyyəsinə isə 9 nəfər üzv seçilibdir. Ümumilikdə, Səbail rayonunda 41 nəfər bələdiyyə üzvü seçilib".

Qeyd edək ki, bütün rayon və şəhərlərdə olduğu kimi, Səbaildə də 23 dekabrda keçirilən seçki prosesi çox uğurla başa çatdırılıb. Belə ki, 29 saylı Səbail seçki dairəsinin 3 saylı məntəqəsinin sədri Nadir Babayev bizimlə söhbətində bildirdi ki, Seçki Məcəlləsində nəzərdə tutulmuş maddələr tamamilə seçki prosesi zamanı nəzərə alınmışdır: "İnsanlar arasında fəallıq, inam hissi müşahidə olunurdu. Bu isə, namizədlər arasında ruh yüksəkliyinin artmasına səbəb olurdu. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda aparılan bütün seçkilər dünya standartlarına tam cavab verir, insanlarımız demokratik və azad yolla öz seçimlərini etmişlər. Bunu seçki günü yaşanan əhval-ruhiyyə də bir daha təsdiq edir."

24 saylı məntəqədə də seçicilərin fəallığı yüksək şəkildə sərgilənib. Məntəqə sədri Rövşən Abbasov bildirdi ki, Azərbaycanda mövcud olan demokratik şərait seçkilərin şəffaf keçirilməsi ilə bir daha öz təsdiqini tapdı.

Seçicilərlə söhbət zamanı bildirdilər ki, layiqli namizədə səs veririk ki, layiqli xidmət etsin.

Səmayə Əsədova: "Məni burada çox gözəl ab-hava ilə qarşıladılar. Beləcə, istədiyim layiqli namizədə səsimi verdim. Ümid edirəm ki, səs verdiyim namizəd növbəti 5 ildə layiqli xidməti ilə seçiləcək".

Məmməd Həsənov: "Səsvermə prosesi çox gözəl keçir. Mən hər kəsdən bir ağsaqqal kimi xahiş edirəm ki, öz seçimlərini düzgün etsinlər. Çünki düzgün seçim, firavan inkişaf deməkdir".

Nəsib Məmmədov: "Bir ağsaqqal kimi deyə bilərəm ki, xalqın gözü tərəzidir. Azərbaycan demokratik ölkədir. Hər bir Azərbaycan vətəndaşı seçimində sərbəstdir. Layiqli namizədə səs verməklə xoşbəxt gələcəyimizə töhfə vermiş olarıq. Mən öz seçimimi etdim. Hər bir seçicinin də düzgün seçim edəcəyinə əminəm".

Eldar Məmmədov: "Bugünkü inkişaf, tərəqqi göz qabağındadır. Xalqın sosial rifahının yaxşılaşması da göz önündədir. Belə olan halda daha firavan olmaq istəyiriksə, seçimimizi düzgün etməliyik".

Qaradağda seçici fəallığı nümayiş olundu

"Bütün seçkilərdə olduğu kimi, növbəti bələdiyyə seçkiləri də ölkəmizdə demokratik dəyərlərin və şəffaf seçki mühitinin olması təsdiqini tapdı. Belə ki, Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə əzmi nümayiş etdirməsini təşkilatımızın, onun üzvklərinin zəfər yolunun davamı kimi qiymətləndirmək lazımdır". Bu fikirləri qəzetimizə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib. A.Hüseynov Qaradağ rayonunda keçirilən bələdiyyə seçkiləri ilə bağlı xatırladıb ki, rayonda 2 seçki dairəsi fəaliyyət göstərir. 11 saylı Qaradağ seçki dairəsində 37 məntəqə, Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində isə 19 məntəqə fəaliyyət göstərir. 11 saylı seçki dairəsində 46 638 min, 12 saylı seçki dairəsində isə 23 373 min seçici öz səsvermə hüquqlarından istifadə edir. YAP Siyasi Şurasının üzvü, həmçinin bildirib ki, rayon üzrə 11 bələdiyyə 121 bələdiyyə üzvü seçilib.

A.Hüseynov son olaraq onu da vurğulayıb ki, vətəndaşların və seçicilərin məhz YAP namizədlərini dəstəkləmələri bu partiyaya olan inamının bariz göstəricisidir: "Çünki YAP hər zaman qələbə və zəfərlər qazanaraq, xalqın, dövlətçiliyin inkişafında müstəsna sözünü deyib. Bu dəfə də əldə edilən uğur gələcək uğurlarımızın təminarıdır".

Səsvermə prosesinin neçə keçdiyini, seçicilərin fəallığını öyrənmək məqsədilə Qaradağ rayonunun 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 2, 4, 5, 9, 11 və 12 saylı seçki məntəqələrində olduq.

Səsvermə dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra isə hər bir seçici məntəqəyə daxil olaraq öz seçimini etdi. Səsvermənin prosedur qaydalarına görə seçici məntəqəyə daxil olur, sol əlinin baş barmağı ultrabənövşəyi lapma vasitəsilə yoxlanılır. Ardınca komissiya üzvünə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir. Sol əlinin baş barmağı mürəkkəblənir. Qeydiyyata düşdükdən sonra seçki bülletenini götürüb, səsvermə kabinesinə daxil olaraq seçimini edir. Seçici dəstəklədiyi namizədin adını bülletendə qeyd etdikdən sonra onu qutuya atır.

Bu mənzərəni 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə-Seçki Komissiyası üzrə 11 saylı seçki məntəqəsində artıq seçicilərin fəallığı müşahidə olunurdu. Bütün seçicilərə hər cür şərait yaradılıb. Məntəqədə 1 ədəd veb-kamera quraşdırılıb.

Bahar İsmayılova: "Müxalifətin yaydığı böhtanlı fikirlər biz qaradağlılar üçün əhəmiyyətsizdir. Çünki onların fikirləri normal düşüncəli cəmiyyət üçün əhəmiyyətsizdir. Yaxşı olar ki, gəlib seçki prosesini müşahidə etsinlər və reallığı görsünlər. Həmişə olduğu kimi, bu seçkidə də seçicilər çox sərbəst müəyyən olunmuş məntəqələrə gələrək öz istədikləri namizədə səs verirlər. Heç bir seçiciyə hər hansı bir formada müdaxilə olunmur. Bu da bir daha göstərir ki, ölkəmzdə seçicilər müstəqil şəkildə səs verirlər".

Kəmalə Məmmədova: "Mən hər seçkidən-seçkiyə böyük sevinclə gəlib öz səsimi seçdiyim namizədə verirəm. Bu, mənim bir vətəndaş kimi mənəvi borcumdur. Burada yaradılan şəraiti yüksək qiymətləndirirəm və hər şey çox şəffaf şəkildə təşkil olunub. Hər bir seçiciyə tövsiyyəm odur ki, məntəqələrə gəlib səs versinlər. Cənab Prezident İlham Əliyevin tərəfindən bizə göstərilən diqqətə görə təşəkkürümü bildirərəm".

Elmin Xəlilov: "Bizim burada səs verməmiz üçün hər bir şərait yaradılıb. Biz hər dəfə təşkil olunan seçkilərdən çox razıyıq və heç bir narazıçılığımız yoxdur. Bir sözlə, seçkilər şəffaf şəraitdə keçir. Digər seçicilərə də arzu edərdim ki, dövlətimiz tərəfindən təşkil olunan seçkilərdə hamı bir nəfər kimi iştirak etsin. Bizlərin hər birinin səsi dövlətimizə lazımdır".

Müşahidə apardığımız digər məntəqələrdə olan ab-havaya əsasən də gəldiyimiz nəticə budur ki, seçkilər şəffaf və obyektiv şəkildə keçirilir. Bu tək bizim yox, həmçinin beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin də fikirləridir.

Məntəqənin qarşısında olarkən seçicilərin yüksək əhval-ruhiyyəsindən bu qənaətə gəldik ki, gələcəyə böyük inamla irəliləyən dövlətimizin qazandığı uğurlar hər bir ölkə vətəndaşında böyük ruh yüksəkliyi yaradır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə