Dekabrın 16-sı YAP Astara rayon təşkilatında təbliğat-təşviqat işlərinin davamı olaraq Seçki Qərargahının üzvləri gənc seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət gənclər siyasətinin uğurla tətbiq olunması bu sahənin YAP tərəfindən hər zaman prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılması ilə müşayiət edilir.
"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, YAP cəmiyyətin aparıcı siyasi qüvvəsi olaraq gənclərin problemlərinə həssaslıqla yanaşaraq, onlarla işi günün tələbləri səviyyəsində qurmağa hər zaman xüsusi səy göstərib: "Təsadüfi deyil ki, bu gün bələdiyyə namizədliyinə gənclərin 35 faizdən artıq səviyyədə təmsil olunması, məhz Yeni Azərbaycan Partiyasının təşəbbüskarlığı və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beləliklə "Rifah və Quruculuq naminə" şüarını rəhbər tutan Yeni Azərbaycan Partiyasının simasında xalqımız bir daha Heydər Əliyev ideyalarına səs verəcək, onun əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə davamını qətiyyətlə dəstəkləyəcəkdir".
YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişafı və o cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub: "Bu baxımdan, bu inkişafın davamı üçün hər kəsi Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırıram".
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının fəal gəncləri Şahin Əmənullayev, Aygül Məmmədova və Ramin Həsənov gənc seçiciləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində fəal olmağa, "Rifah və Quruculuq Naminə" YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB