Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon təşkilatı tərəfindən namizədlikləri qeydə alınmış qadınlarla görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin disdantı, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, Gender və iqtisadiyyat İctimai Birliyinin sədri, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova iştirak edib.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə ətraflı məlumat verərək bildirib: "Rayon üzrə fəaliyyətdə olan 36 bələdiyyəyə 366 nəfərin namizədlikləri irəli sürülmüş və bunların da 99 nəfərini qadınlar təşkil etmişdir. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qrupları yaradılaraq onlara treninqlər keçirilib. Rayon təşkilatında seçki qərargahı yaradılıb, qərargah üzvləri arasında iş bölgüsü aparılıb və təşkilatının Seçki Qərargahı üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində ərazilərdə seçicilərlə görüşlərini davam etdirir. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bu seçkidə də parlaq qələbə qazanacaq, bələdiyyələrdə daha çox üzvlə təmsil olunacaq".
Qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: "YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar".
Sonra YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış edərək son illər Azərbaycanda dinamik inkişaf edən iqtisadiyyatdan söhbət açıb: "Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib. Sözsüz, bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür. Mən əminəm ki, Masallı rayonunun qadınları da Respublikamızda və rayonda gedən iqtisadi inkişafa öz töhfələrini verirlər".
Natiq daha sonra Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlara bu siyasi marafonda uğurlar arzulayıb.
Daha sonra YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini, 70 saylı Masallı şəhər Dairə Seçki Komissiyasından namizədliyi qeydə alınmış Mehparə Məmmədova çıxış edərək rayonun ziyalı qadınlarının Masallının inkişafında fəal iştirak etdiklərini qeyd edib: "2751 qadını öz ətrafında birləşdirən YAP Masallı rayon təşkilatının Qadınlar Şurası bütün seçkilərdə fəal iştirak edərək partiyanın irəli sürdüyü ideyaları həyata keçiriblər. Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülən qadınlarımız da əminəm ki, uğurlar qazanacaq və YAP-ın ətrafında sıx birləşəcək, Masallı rayonunun inkişafına öz töhfələrini verəcəklər".
Tədbirdə iştirak edən YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvü Nigar Kərimova, namizədlərdən Əntiqə Tağıyeva və başqaları çıxış edərək YAP tərəfindən namizədliyi irəli sürülmüş qadınlara uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB