Vüqar Əliyev: "Niyə dövləti aşağılayan insanlar mətbuatın gündəlik səhifələrini bəzəməlidirlər?"

Vüqar Əliyev: "Niyə dövləti aşağılayan insanlar mətbuatın gündəlik səhifələrini bəzəməlidirlər?"

"Vətənimizi, dövlətimizi sevən jurnalistlər var. Bəzən mən düşünürəm ki, istəsəm də belə yazılar yaza bilmərəm. Çünki, belə yazılar yazmaq üçün gərək onların ürəyinə sahib olasan. Ona görə də nədən belə jurnalistlər mediamızın aparıcı siması olmasınlar? Niyə dövləti aşağılayan insanlar mətbuatın gündəlik səhifələrini bəzəməlidirlər?" SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Vüqar Əliyev Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusundakı konfransda deyib.

V.Əliyev vurğulayıb ki, bəzən beynəlxalq təşkilatlarda ermənilərdən çox özümüzünkülər Azərbaycana qarşı çıxış edirlər: "Biz beynəlxalq təşkilatlarda tribunalardan ermənilərə qarşı istifadə etməyə çalışırıq, ancaq Azərbaycandan gedən bəzi şəxslər ölkəmiz haqqında elə danışırlar ki, bilmirik ermənilərə cavab verək, yoxsa özümüzünkülərə. Belə şəxslər əsasən QHT və media nümayəndələri olurlar".

PA rəsmisi bildirib ki, sosial şəbəkələrdə yayılan informasiyalar hamı üçün informasiya deyil: "Bu gün azərbaycanlı adı ilə erməni mənbələri dezinformasiya yayırlar. Çox təəssüf ki, Azərbaycan mediası da onları işıqlandırır. Erməni baş redaktor ağıllı hərəkət edir, bizim bəzi redaktorlarımız isə tora düşürlər. Erməni redaktoru öz təfəkkürünə uyğun məlumat yayır. Onların buraxdığı dezinformasiyalar erməni maraqlarına xidmət edir. Bizim onlardan götürdüyümüz informasiyalar da onların maraqlarına xidmət edir. Əgər Azərbaycanın Dağlıq Qarabağ kimi ciddi problemi olmasaydı, bəlkə belə konfransa da ehtiyac olmazdı. İctimai rəyi formalaşdıran media dövlətin qorunmasında böyük rol oynayır. Redaktorlarımız özləri də siyasətçi olmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə