Elçin Mirzəbəyli: “907-ci düzəlişin dondurulması təzyiq xarakteri daşıyır”

Elçin Mirzəbəyli: “907-ci düzəlişin dondurulması təzyiq xarakteri daşıyır”

"ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin qəbul olunduğu ərəfədə Ermənistan ərazilərimizi ardıcıl şəkildə işğal edirdi. Bu proseslərin getdiyi bir dövrdə Ermənistana qarşı təzyiqlərin olmasının qarşılığında Azərbaycan qarşı 907-ci düzəlişin tətbiq olunması həm beynəlxalq hüquqa, həm də ədalət prinsiplərinə ziddir". Bunun SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərin görə, aktın qəbul olunduğu dövrdə şübhəsiz ki, ölkənin idarəçiliyində də çox sayda nöqsanlara yol verilib: "Belə ki, həm ölkə daxili, həm də xarici siyasətdə bir sıra yanlış addımlar atılmışdı. Proseslərə diqqət yetirsək, qəbul olunan akt Azərbaycan yox, Ermənistana tətbiq edilməli idi. Həmin dövrdə Ermənistanın dəstəklənməsi, Azərbaycana qarşı ədalətsiz bir aktın qəbul olunması kökündən yanlış addımdır. Çünki, həmin dövrdə Ermənistanın torpaqlarımızın işğalı nəticəsində Azərbaycana məcburi köçkün axını başlanmışdı. Əslində ABŞ məhz Azərbaycan yardım göstərməli idi. Azərbaycanda humanitar fəlakətin yaranmaması üçün müvafiq addımlar atmalı idi".

"ABŞ vasitəçilik missiyasını yerinə yetirir və bütün normalara görə neytral prinsiplərdən çıxış etməlidir. Bu gün 907-ci düzəliş sadəcə dondurulub. Əslində bunun özü də təzyiq xarakteri daşıyır" – deyə, E.Mirzəbəyli əlavə edib.

E.Mirzəbəyli onu da bildirib ki, bu gün Azərbaycanın nə ABŞ, nə də digər ölkələrin yardımına ehtiyacı yoxdur: "Ölkəmiz hazırda çətin durumda olan qonşularına və digər ölkələrə dəstək verir. Dünyanın ayrı-ayrı ölkələrinə investisiyalar yatırır. Bütün hallarda ABŞ-ın bu davranışının siyasi motivləri də var. Təbii ki məsələyə bu baxımdan yanaşsaq akt çoxdan ləğv olunmalı idi. Bu faktın özü sübuta yetirir ki, ABŞ nə müttəfiqlərinə, nə bütün istiqamətlərdə onunla əməkdaşlıq edən ölkələrə, nə də beynəlxalq hüquq prinsiplərinə qarşı səmimi deyil. Bu gün dünyada yaranan bir sıra problemlərin kökündə də məhz bu qeyri-səmimi davranışlar durur".

Bütün xəbərlər Facebook səhifəmizdə