Azərbaycan-Avropa münasibətləri Berlində müzakirə olundu

Azərbaycan-Avropa münasibətləri Berlində müzakirə olundu

Berlində - Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzində (AAKM) "Ukrayna böhranı fonunda Azərbaycan-Avropa münasibətləri" mövzusunda müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, AAKM və Berlin Avropa Qafqaz və Xəzəryanı Ölkələr üzrə Tədqiqatlar İnstitutunun birgə əməkdaşlığı çərçivəsində baş tutan tədbiri AAKM-in icraçı direktoru Samira Patzer-İsmailova açaraq hazırda dünyada mövcud olan çoxsaylı münaqişə ocaqlarından, geosiyasi və geostrateji şəraitin bugünkü durumundan, Azərbaycanın yeni şəraitdə Avropadan Dağlıq-Qarabağ məsələsinin həllinə dair gözləntilərinin daha təkidli olmasından danışıb.

Tədbirin əsas məruzəçisi Berlin Azad Universitetinin əməkdaşı, politoloq Matthias Dornfeldt Azərbaycandakı siyasi, iqtisadi və sosial inkişafı müsbət qiymətləndirərək, bu inkişaf yolunda Avropada yeni tərəf müqabilləri qazanmağın aktuallığı, regionda baş verən proseslərin Azərbaycanın iqtisadi imkanlarına və eyni zamanda Azərbaycan tərəfinin qoyduğu siyasi tələblərin həllinə təsiri ilə bağlı çıxış edib. M. Dornfeldt son zamanlar Azərbaycanın enerji siyasəti baxımından artmaqda olan geostrateji əhəmiyyətini vurğulayaraq deyib ki, Xəzəryanı ölkələrin enerji siyasətində tərəf müqabili kimi Azərbaycan Avropa İttifaqı üçün önəmlidir və bu fonda davamlı olaraq modernizasiya və diversifikasiya strategiyasının inkişafına tələbat artıb.

Tədbirin aparıcısı hüquqşünas, Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani Matthias Dornfeldt ilə fikir mübadiləsi apararaq bir sıra mühüm siyasi-iqtisadi suallara cavab tapmağa çalışıb. Daha sonra M.Dornfeldt iştirakçıların suallarını cavablandırıb.

Tədbirdə Azərbaycan Səfirliyinin müşaviri Rizvan Nəbiyev və səfirliyinin digər əməkdaşları, Bundestaqın əməkdaşı, Alman ictimaiyyətinin və mediasının, MDB ölkələrinin və Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə