Türkiyə mətbuatı “Bakı-2015” ilk Avropa Oyunlarının növbəti təqdimatından nə yazdı?

Türkiyə mətbuatı “Bakı-2015” ilk Avropa Oyunlarının növbəti təqdimatından nə yazdı?

Xəbər verildiyi kimi Kann, Afina və Berlindən sonra "Bakı-2015" ilk Avropa Oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun "Çırağan" sarayında keçirilib. Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib. İstanbulda keçirilən möhtəşəm təqdimat mərasimi Türkiyə mətbuatından da yan keçməyib. SİA-nın xəbərinə görə, təqdimat mərasimi Türkiyənin bir çox xəbər saytları, agentlik və qəzetlərinin manşetlərində yer alıb.

"Haberler.com" saytı "Bakü 2015 Avropa Oyunları İstanbulda Tanıtıldı" başlıqlı yazı dərc edərək, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışına geniş yer ayırıb. Yazıda həmçinin Azərbaycan-Türkiyə arasında olan dostluq-qardaşlıq münasibətləri də önə çəkilib.

"Sondakika haberler" saytında yer alan yazıda bildirilib ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunları bütün dünyaya səs salacaq bir yarışma olacaq. Həmçinin yazıda Avropa Oyunları ilə bağlı Bakıda keçirilən hazırlıq proseslərindən də söz açılıb.

Təqdimat mərasiminə geniş yer ayıran "61 saat.com" saytı "Dev Organizasiyonun Tanıtım Gecesi İstanbulda Yapıldı" başlıqlı məqalədə Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıcın çıxışlarına önəm verilib. Həmçinin məqalədə bildirilib ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək yarışmaya 6 mindən çox idmançı qatılacaq.

"haber35.com" saytı da İstanbulda "Çırağan" sarayında keçirilən təqdimat mərasimindən yazaraq hazırda Azərbaycanda Avropa Oyunlarına hazırlıqla bağlı mühüm məqamları qeyd edib. Vurğulanıb ki, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi üçün yüksək standartlara malik olan stadion tikilir.

"İhlas Haber Ajansı"nda yer alan "Bakü 2015 Tanıtım Gecesi" adlı yazıda iki ölkə arasında olan münasibətlər haqqında yazılıb. Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıcın çıxışı zamanı səsləndirdiyi: " Uzun illərdir ki, Azərbaycan-Türkiyə qardaş ölkədir. I Avropa Oyunlarının Bakıda keçirilməsi dost ölkə olaraq bizi qürurlandırır " fikirləri önə çəkilib.

"Akit haber.com" saytı "Mehriban Aliyeva Bakü 2015 Avropa Oyunlarının Tanıtımını Yaptı" başlıqlı məqaləsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışına önəm verilib. Yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın: "Dünyada ən böyük yarışmalar artıq Azərbaycanda gerçəkləşir. I Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Avropa Oyunlarını yüksək şəkildə həyata keçirməyi düşünürük və bunun üçün də lazımi işlər görülür" bu fikirləri xüsusi vurğulanıb.

"Belge.com" saytı da İstanbulda keçirilən təqdimata böyük yer ayırıb. "Bakü 2015 Avropa Oyunlarına Doğru" adlı yazıda Türkiyənin hər zaman Azərbaycanın yanında olması və bu yarışmanın yüksək səviyyədə həyata keçirilməsinə dəstək olacağı qeyd olunub.

"Doğan Haber Ajansı"nda "2015 Avropa Oyunlarının tanıtım resepsiyonu yapıldı" adlı məqalədə gələn il ölkəmizdə 12-18 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarında 20 idman növü üzrə yarışların keçiriləcəyi qeyd edilib. Həmçinin yazıda tədbir iştirakçılarının "Bakı-2015"ə həsr olunan bürünc heykəllərdən ibarət sərgiyə baxıldığı, sərgidə 20-dən çox Azərbaycan heykəltəraşının əsərlərinin nümayiş olunduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə