Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərə start verib. SİA-nın məlumatına görə, açılış mərasimində çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində gerçəkləşdirilən treninq layihəsinin əsası 2002-ci ildə qoyulub: "Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar treninqlərin 2 mərhələdə keçirilməsi qərara alınıb. Artıq başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə 4 gün davam etməsi nəzərdə tutulub. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən "Trenerlər üçün treninq"də iştirakçılar səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılacaq. Tədbir zamanı habelə, MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçiləcək. "Seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması" və "Əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması" mövzularında təqdimatlar ediləcək.
N. Məmmədov qeyd edib ki, treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqinə noyabrın 25-dən etibarən start veriləcək və treninqlər mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında baş tutacaq: "Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Bu mərhələ seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam edəcək və treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış "Seçki günü üçün Yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunacaq. Genişmiqyaslı maarifləndirmə tədbiri olaraq bu treninqlər ümumilikdə 30 000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir".
N. Məmmədov deyib ki, dövlətin siyasi iradəsi həmişə seçkilərin şəffaf keçirilməsi ilə bağlı olub: "Biz ölkəmizə, xalqımıza layiq azad seçkilər keçirmək iradəsini ortaya qoymuşuq. Azərbaycan seçki təcrübəsinin inkişaf etdiyi ölkədir. Biz o ölkəyik ki, iki dəfə keçirilən seçkilərdə veb-kamera tətbiq etmişik, 50 min müşahidəçini seçkiləri müşahidə etməyə sərbəst buraxmışıq. Bu cəsarət haradandır? Bu, dövlətin siyasi iradəsi və seçki komissiyalarının fəaliyyətinin təkmilləşməsindən qaynaqlanan cəsarətdir. Bizim bu gün nəyəsə uyğunlaşmaq, müəyyən dəyərlər yaradıb onları ortaya qoymaq istiqamətində də iddiamız böyükdür".
MSK sədrinin müavini bildirib ki, görülən bütün işlər xalqımızın, dövlətimizin müstəqilliyi üçündür: "Bu prosesdə bizim fəaliyyətimizə dəyər verən qüvvələr var. Onlar işlərimizə ilk növbədə mənfi reaksiya vermək və səhvlərimizi tutmaq üçün gəlirlər. Ancaq bizim görəcəyimiz işlər onların bütün fikirlərini alt-üst etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB