Səxavət Əlisoy: “Fərqli düşünən insanlara xüsusi dərman verilməlidir?” AÇIQLAMA

Səxavət Əlisoy: “Fərqli düşünən insanlara xüsusi dərman verilməlidir?” AÇIQLAMA

"Müsavatdan narazı olanlar onsuzda fraksiya yaradıblar. Sadəcə olaraq onun rəsmiləşdirilməsi prosesi qalıb. Bu rəsmiləşdirmə məsələsi isə bu ilin dekabrın 8-də baş tutacaq". Bunu SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Müsavatdan narazıların fraksiya yaratması cəhdlərinə və Gülağa Aslanlının bu məsələyə sərt reaksiyasına münasibət bildirərkən deyib.

S. Əlisoyun sözlərinə görə, Gülağa Aslanlı kimi Müsavatdan narazıların fraksiya yaratmasına qarşı çıxan insanlar demokratiyadan, fikir azadlığından plüralizmdən məlumatsız insanlardır: "Onlar düşünürlər ki, hər şey avtoritar qaydada həll olunmalıdır. Bu insanlar hesab edirlər ki, əgər kimsə onlardan deyilsə, həmin şəxsləri cəzalandırmaq olar. Yəni, Müsavat Partiyasının rəhbərliyini ələ keçirən bu qrup özlərini demokratiyanın elementar ünsürlərindən xəbərsiz kimi aparırlar. Təbii ki, bu da özünəməxsus avtoritar rejimdir. Axı cəzalandırmaq nə deməkdir? Yəni bu, 1937-ci illərin repressiyası deyil ki, partiyanın ideoloji xəttinə zidd olasan və onun hansısa prinsiplərinin əleyhinə gedəsən. Bütün bunların hər biri keçmişdə qalıb. Əgər mən fərqli düşünürəmsə bunun qarşısını almaq üçün onlar nə etməlidirlər? Məgər fərqli düşünən insanlara xüsusi dərman verilməlidir ki, onlar bir daha belə düşünməsin? Onların gücü yalnız insanları partiya sıralarından xaric etməyə hesablanıb. Artıq Müsavat daxilində siyasi repressiyalara start verilib".

Başqanlığa keçmiş namizəd bildirib ki, ötən gün Müsavat Partiyasının "fədakar" üzvlərindən biri, Türkiyədə universitet təhsili alan Kamil Xəlilbəyli guya Müsavat ideologiyasına qarşı çıxdığına görə partiyadan xaric edilib: "Müsavat üzvləri "facebook" sosial şəbəkəsinin Müsavat üzvləri qrupunda aralarında olan şəxsi məsələləri orada müzakirə edib, bir-birilərini təhqir ediblər. Beləcə, onlar bu məsələni Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) çıxarıb, Arif Hacılının tərəfdarı olmayan Kamil Xəlilbəylini partiya sıralarından xaric ediblər. Axı dünyanın hansı yerində və hansı qanunda yazılıb ki, bu dəstə onu cəza üsulu kimi idarə edir. Hesab edirik ki, bütün bunlar tamamilə cəfəng bir oyundur. Onlar sadəcə olaraq Müsavatın qurultayında saxtakarlıq etdiyinə və bu saxtakarlıq faş olduğuna görə, bu cür cəza üsullarına əl atırlar. Düşünürəm ki, fərqli düşünən insanların ağzını bağlamaq heç vaxt mümkün deyil. Çünki bu, təbii bir prosesdir. Müsavatdan narazı olanlar onsuzda fraksiya yaradıblar. Sadəcə olaraq onun rəsmiləşdirilməsi prosesi qalıb. Bu rəsmiləşdirmə məsələsi isə bu ilin dekabrın 8-də baş tutacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə