Qırğızıstanın Baş nazirinin müavini Bakıya gələcək

Qırğızıstanın Baş nazirinin müavini Bakıya gələcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini Tairbek Sarpaşevlə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinin dəstəyi ilə Bişkekdə baş tutmuş görüşdə 2015-ci ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib.

Görüşdə Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini T. Sarpaşev Bakının artıq üçüncü dəfə ev sahibliyi edəcəyi Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyətini qeyd edib. T.Sarpaşev Forumda dünya miqyasında nüfuzlu siyasi liderlərin iştirakının və müzakirə edilən qlobal əhəmiyyətli məsələlərin tədbirin önəmini daha da artırdığını vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov isə öz növbəsində Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini Tairbek Sarpaşevi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Bakıya dəvət edib. T.Sarpaşev dəvəti məmnuniyyətlə qəbul edərək 2015-ci ilin aprel ayında aidiyyatı qurumların rəhbərlərinin də daxil olduğu nümayəndə heyəti ilə Foruma qatılacağını bildirib.

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə