“Qarabağ məsələsinin ayrıca dərsliyə salınması ayrıseçkilik yarada bilər” AÇIQLAMA

“Qarabağ məsələsinin ayrıca dərsliyə salınması ayrıseçkilik yarada bilər” AÇIQLAMA

"Azərbaycan Respublikasının Təhsil Nazirliyinin apardığı islahatlar, görülən işlər təqdirəlayiqdir. Təhsil sahəsində irəliləyişlər göz önündədir, bunu danmaq olmaz. Lakin ziyalı vətəndaş kimi Qarabağ tarixinin ayrıca bir fənn kimi orta məktəb dərsliklərinə salınmasını yanlış hesab edirəm". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov Qarabağ tarixinin dərsliklərə ayrıca fənn kimi daxil olunması təkliflərinə münasibət bildirərkən deyib.

Təhmasib Novruzov qeyd edib ki, Azərbaycanın təkcə Qarabağı deyil, həmçinin qədim İrəvan torpaqları erməni işğalı altındadır: "Əzəli torpaqlarımızın bu gün işğalda olması yaralı yerimizdir. Yalnız Qarabağın ayrıca bir fənn olaraq tədrisi bu torpaqlar arasında ayrıseçkilik salmaq anlayışına gətirib çıxarır. Bunun qəti əleyhinəyəm. Tariximizi öyrənmək, Qarabağla bağlı bütün məsələləri gənclərimizə aşılamaq baxımından orta məktəblərdə, universitetlərdə tədris vacibdir. Amma ayrıca fənn kimi deyil, müxtəlif yollarla gənclərə çatdırmağı tövsiyyə edərdim".

AHB sədri son olaraq bildirib ki, Qarabağ tarixinin gənclər tərəfindən öyrənilməsi, mənimsənilməsi üçün bilavasitə layihələrin keçirilməsinə ehtiyac var.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə