Mübariz Əhmədoğlu: “Paris görüşünü geriyə addım hesab etmək daha düzgündür"

Mübariz Əhmədoğlu: “Paris görüşünü geriyə addım hesab etmək daha düzgündür"

"Ermənistanın bütün səyləri yalnız münaqişənin tənzimlənməsinin yubadılmasına xidmət edir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, ermənilərin işğal etdikləri yeddi rayonun dərhal, işğal altında olan Dağlıq Qarabağın isə tədricən Azərbaycana qaytarılması başa düşülür: "Yenilənmiş Madrid Prinsiplərinin əsasında hazırlanması nəzərdə tutulan Böyük Sülh Sazişi də, məhz bunu reallaşdıracaq. Ona görə də rəsmi İrəvan iki dəfə Yenilənmiş Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduqlarını bildirsə də, Paris görüşündəki davranışları bunun növbəti erməni yalanı olduğunu göstərdi. Bundan başqa Ermənistan xarici işlər naziri Edvard Nalbandyan açıqca etiraf etdi ki, hökmən təməl prinsipləri ilə bağlı sənəd imzalanmalıdır. Ondan sonra Böyük Sülh Sazişi barədə danışıqlar gedə bilər. Əslində, təməl prinsipləri Yenilənmiş Madrid Prinsiplərində qeyd olunub. Ermənilər danışıqları uzatmaq üçün bu məsələni qəsdən ortaya atır".

M. Əhmədoğlu vurğulayıb ki, məsuliyyətli dövrdə, mükəmməl formatda təşkil olunmasına baxmayaraq, Paris görüşü missiyasını yerinə yetirə bilmədi və onu geriyə addım hesab etmək daha düzgündür.

Politoloq bildirib ki, ATƏT-in Minsk qrupu müstəvisi açıq aşkar geosiyasi mübarizə məkanına çevrilib: "Rusiya Avrasiya İqtisadi Birliyi məsələsində sürətini zəiflətmək niyyətində deyil. Ermənistan sərhədlərinin qorunmasını və xarici siyasətini tamamilə Rusiyaya tabe etməyə "hazırlaşır". Bu isə Dağlıq Qarabağ məsələsinin Ermənistan deyil, Rusiya tərəfindən həll ediləcəyi deməkdir. Bu kontekstdə ATƏT-in Minsk qrupuna qarşı hansı münasibət göstərməsinin vaxtını və ardıcıllığını da yalnız Rusiya özü müəyyənləşdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə