Muxtar Nağıyev: "YAP-ın qələbə qazanması üçün kifayət qədər əsaslar var" AÇIQLAMA
Bəlli olduğu kimi, bu ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Qeyd edək ki, qarşıdan gələn bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası (YAP) digər siyasi təşkilatlardan fərqli olaraq mütəşəkkil qaydada hazrılaşır. Yerlərdə seçkilərlə bağlı tədbirlər keçirilir, seçkilərdə iştirak edəcək namizədlərin seçilməsi prosesi uğurla davam etdirilir.
Bələdiyyə seçkilərinə hazırlıqla bağlı SİA-ya açıqlama verən YAP Səbail rayon təşkilatının sədr müavini, rayon seçki qərargahının sədri Muxtar Nağıyev ilk öncə xatırlatdı ki, bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkiləri də YAP üçün önəmli prosesdir və partiya hər zaman bu seçkilərdə qələbə əldə edib: "Xatırlatmaq istərdim ki, 1999-cu ilin dekabrın 12-də Azərbaycanda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirilmişdir. Məhz ilk bələdiyyə seçkilərinin keçirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən tövsiyə olunmuşdu. Belə ki, Ulu Öndərimiz bələdiyyələrin vacibliyi və fəaliyyətinin ölkəyə hansı töhfələr verməsini xüsusilə vurğulayırdı. Təbii ki, ilk bələdiyyə seçkilərindən başlayaraq növbəti seçkilərdə də YAP uğurlar əldə edib".
M.Nağıyev eyni zamanda ilk bələdiyyə seçkiləri barədə də xatırlatma edib: "İlk bələdiyyə seçkilərinə hazırlıq dövründə püşkatma yolu 74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılmış, bunlarında tərkibində ümuməm 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olmuşdur. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət etmişdir. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olmuşdur. Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak etmişdir. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilmişdir. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş seçkilər nəticəsində Azərbaycan Respublikasında 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilmişdir. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının inamlı zəfəri ilə başa çatmışdır"
YAP Səbail rayin təşkilatının sədr müavini onu da bildirib ki, bu il keçiriləcək bələdiyyə seçkilərinə də ciddi hazırlıq gedir: "YAP bələdiyyə seçkilərinə mütəşəkkil qaydada və ciddi şəkildə hazırlaşmaqdadır. Mən seçkilərlə bağlı ümumrespublika müşavirəsində edilən çıxışlara da diqqətinizi yönəltmək istərdim. Məhz həmin müşavirədə Yeni Azərbaycan Partiyasınn Sədr müavini, baş nazirin müavini Əli Əhmədov da tədbir iştirakçılarına verdiyi tövsiyəsində vurğulayıb ki, YAP bundan xeyli əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. O qeyd edib ki, yerli təşkilatlarda da müvafiq hazırlıq işləri aparılmaqdadır və qarşıya qoyulan məqsəd də ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də hakim partiya ənənəsinə uyğun olaraq qələbə çalsın və yerli özünüidarə orqanlarında YAP-ın nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. Təbii ki, bizlər də bu tövsiyələri əsas götürərək öz fəaliyyət planımızı qurmuşuq. Bununla bağlı Səbail rayonunda da ciddi hazırlıq işləri aparılır. Onu da vurğulamaq istərdim ki, rayonumuzda 3 bələdiyyə fəaliyyət göstərir və bu bələdiyyələrin də 41 üzvü var. Seçkilərə qədər YAP-ın Səbail rayon təşkilatında bələdiyyə sədrləri və üzvləri ilə tez-tez görüşlər keçirilir, onlara tövsiyələr verilir. Söz yox ki, biz növbəti uğurlara da nail ola biləcəyik".
Seçki qərargahının sədri həmçinin bildirib ki, YAP-ın belə bir qələbəni qazanması üçün kifayət qədər əsaslar var: "Bu gün ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, xüsusilə də ölkəmizin regionlarında aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri, iqtisadi inkişaf, insanların rifah halının yaxşılaşması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişiklər və s. regionlarda insanın həyatında, məişətində müsbət dəyişikliklər yaradır. Təbii ki, bütün bunların hamısı yerli özünüidarəetmə orqanlarına seçkilərdə YAP-ın istinadə edə biləcəyi böyük resursdur. Məhz bu resursun və Azərbaycan Prezidentinin gördüyü işlərin təbliği sayəsində hakim partiya növbəti bələdiyyə seçkilərində uğur qazanacaq və yerliözünüidarə orqanlarında YAP-ın təmsilçiləri geniş miqyasda təmsil olunmaq imkanları əldə edəcəklər".
Muxtar Nağıyev eyni zamanda bildirib ki, YAP Səbail rayon təşkilatı bələdiyyə seçkiləri ərəfəsində namizədlərin seçilməsi prinsipinə verilən tövsiyələr əsasında əsaslanır: "Biz namizəd seçimində daha çox əhali ilə daim təmasda olanlara üstünlük veririk. Əlbəttə ki, həmin namizədlər xalqla davamlı təmasda olduqları üçün onların problemlərini və s. məsələləri daha yaxşı həll etmək gücündədirlər. Digər tərəfdən, biz çalışırıq ki, namizədlərimizin əksər çoxluğu gənclərdən və qadınlardan ibarət olsun. Çünki bu amil ölkəmizdə gəncliyin inkişafına, qadınlarımızın potensial iş qüvvələrinə olan inam və etibarın təcəssümüdür. Bu baxımdan, bir daha vurğulamaq istərdim ki, növbəti bələdiyyə seçkiləri də Yeni Azərbaycan Partiyasının şanlı tarixinə qələbə və zəfər tarixi kimi həkk olunacaq. Mən öncədən, YAP-ın namizədlərinə uğurlar və qələbə arzu edirəm".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB