Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Azərbaycanın müstəqilliyi onun milli sərvətidir" mövzusunda tədbirdə bu fikir xüsusi vurğulanıb.
YAP Masallı rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd olunub ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
İkinci tarixi imkan isə 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Bildirilib ki, müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış müharibə, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratmışdı.
Belə bir ağır dövrdə böyük təcrübəyə malik, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə bu təhlükə aradan qaldırıldı. Bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.
Toplantıda dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışılaraq, böyük rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB