Hikmət Hacıyev: “O xanımın adı arzuolunmazlar siyahısındadır”
XİN-dən RƏSMİ AÇIQLAMA

Qondarma "DQR"-də fəaliyyət göstərən "Artsax" dövlət universitetində" Belçikanın Lyuven katolik universiteti ilə memorandum imzalanıb. Heyətə Avropa Parlamentinin deputatı, Ermənistan-Avropa parlamentlərarası qrupunun sədri Eeni Teoxarus rəhbərlik edib. Heyətin tərkibində Belçikanın Lyuven katolik universitetinin professoru Bernar Kuli də olub. Erməni mətbuatının verdiyi xəbərə görə, sözügedən görüşdə Bernar Kuli bildirib ki, Lyuven universitetində 200 ildir ermənişünaslıq kafedrası fəaliyyət göstərir və "DQR"-la əməkdaşlıq memorandumunun imzalanması qondarma "Artsax"ın Avropada tanınmasına şans yaradacaq. Avroparlamentin deputatı Eleni Teoxarus isə bildirib ki, "Artsax"ın izolyasiyadan yeganə çıxış yolu təhsildir.

Məsələ ilə bağlı SİA-ya münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, suveren və müstəqil Azərbaycanın tanınmış sərhədləri dünya miqyasında, dünya ölkələri tərəfindən qəti şəkildə dəstəklənir və bu faktor dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyi istiqamətində də aparıcı mötəbər təşkilatların sənədlərində əsaslı şəkildə öz təsdiqini tapıb: "Bu kimi səfərlər isə fərdi xarakter daşıyır. Azərbaycan Respublikasının Avropa təsisatları ilə, o cümlədən Belçika ilə əməkdaşlıq münasibətləri vardır. Yəni qeyd olunan səfərlərlə bağlı Azərbaycan Respublikasının Avropa Birliyi nümayəndəliyi yanında, o cümlədən Belçikadakı səfirliyi tərəfindən də müvafiq araşdırmalar aparılacaq və Avropa Parlamentinin müvafiq strukturları ilə yanaşı, Belçika hökumətinin müvafiq strukturları ilə də ətraflı şəkildə araşdırılacaq".

XİN rəsmisi onu da vurğulayıb ki, qondarma "DQR"-ə səfər etmiş adamların adları qara siyahıya salınıb: "Artıq Belçika universitetinin nümayəndəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş o xanımın adı arzuolunmazlar siyahısındadır. Çünki onun əvvəllər də Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qeydə alınmışdı".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə