"Cənab Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlər içərisində əsas hədəfimiz olan iqtisadi müstəqillik məsələsi xüsusi önəm daşıyır. Sosial layihələr tam icra edilməlidir ki, sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapsın". Bu fikirləri SİA-ya İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda vurğuladığı fikirlərə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilsə də, qəzalı, yararsız vəziyyətdə məktəblər hələ də mövcuddur: "Ölkə Prezidentinin rəhbərliyi ilə yaxın illərdə bu problemin tam şəkildə həll edilməsinə inanırıq. Eləcə də, 2016-cı ildə regionlarda müasir səhiyyə obyektlərinin yaradılması işləri tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqlarla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq. İnflyasiyanın qalxması və manatın məzənnəsinin düşməsi insanların həyatına mənfi təsir göstərə bilər. Ona görə həm manatın məzənnəsi sabitdir, həm də inflyasiya çox aşağı səviyyədədir. Bu amillər bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir".
Əli Məsimli eyni zamanda onu da vurğulayıb ki, ixrac potensialı artırılmalıdır: "Bu məsələlərlə bağlı çox böyük işlər görülüb, yeni imkanlar açılmaqdadır. Xüsusilə, kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranıb. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Daxili bazarı daha çox Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq. Qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq. Hazırda bu sahədə xidmət sektoru Azərbaycanda xüsusi yer tutur. Bu ilin "Sənaye ili"olması ilə sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilib. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılıb. Düşünürəm ki, yaxın zamanda özümüzü sənaye məhsulları ilə tam şəkildə təmin edəcəyik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB