Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbaslı istefa verib. Bu barədə Ə.Abbaslı özünün facebook hesabında yazıb.
Ə.Abbas bildirib ki, 2011-ci ilin yanvar ayında Müsavat partiyasına daxil olub:
"2013-cü ilin noyabrından Musavat Gənclər Təşkilatının sədrliyini edirəm. Bildirmək istəyirəm ki, partiyadan ayrılmaqla bağlı qərarım var və qarşıdakı həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağam.
Bu yazıda məni Musavatdan ayrılaraq ictimai-siyasi, demokratik dəyişikliklər naminə fəaliyyətimi davam etdirməyə vadar edən səbəbləri qeyd edirəm:
1. Partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində Musavatda hər hansı normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb. Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Musavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Mənim ölkəmdə görmək istədiyim, bunun üçün çalışdığım azadlıq, azad söz, fərqli fikir, yeniliklərə açıq, seçimlərə dözümlü olmaq kimi inkişafın əsasını təşkil edən dəyərlərə bu siyasi qaragüruh qanadın yanaşması heç də digər yanaşmalardan fərqlənmir. Və bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir.
2. Çoxlarınızın müşahidə etdiyi kimi bugün Musavatın idarəçiliyini aparan şəxslərin partiyanın müxtəlif səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır. Bugün Musavat partiyasını Əli Əliyevin, Əhməd Orucun tərəfinə dartılıb aparılır və artıq bizim buna qarşı durmaq imkanımız yoxdur. Əgər bir neçə il bundan öncə İqbal Ağazadə ilə müttəfiqlik onun hökumətə bağlı olması səbəbi irəli sürülərək etiraz edilirdisə, bugün musavatçılara onun çıxışını dinlətmək siyasi riyakarlıqdır. Səmimi şəkildə mübarizəyə qoşulmuş insanların üzərindən siyasi biznes qurulması prosesində hesab edirəm ki, iştirak etmək mənim öz dəyərlərimə xəyanətim olardı. Mən öz şəxsi mənafeyim naminə heç zaman mənə inanan, mənə güvənərək sədrlik səlahiyyəti verən dostlarımı kiminsə biznesi xatirinə qurban vermərəm. Və bu dediklərimin 2015 seçkiləri və ərəfəsində nə dərəcədə doğru olduğu anlaşılacaq.
3. Mən yuxarıda sadaladığım hər iki xoşagəlməz faktorla partiya içində qalaraq mübarizə apara bilərdim, bəlkə də mütərrəqqi insanlarla birlikdə bu prosesin qarşısını da ala bilərdik. Ancaq mən hesab edirəm ki, enerjimi, vaxtımı, Musavatın dəyişməsinə sərf etməkdənsə Azərbaycanın dəyişməsi uğrunda aparılan mübarizə naminə xərcləməyim daha faydalı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB