Ehtiyatda olan hərbiçilər Bakıda biraraya gəldi

Ehtiyatda olan hərbiçilər Bakıda biraraya gəldi

Bu gün Ehtiyatda və İstefada olan Zabitlərin Beynəlxalq Məsləhət Şurası İdarə heyətinin sədri Kraşenko Aleksandroviç Nikoloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. SİA-nın məlumatına görə, nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə gül düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Nümayəndə heyəti Şəhidlər xiyabanında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları qvardiya general-mayoru Həzi Aslanovun məzarını ziyarət edib, abidə-kompleksinin önünə əklil və güllər qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.

Daha sonra qonaqların Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə heyətinin üzvləri ilə görüşü olub. Vurğulanıb ki, səfərin məqsədi nümayəndə heyəti üzvlərinin Azərbaycanlı Ehtiyatda və İstefada olan zabitlərlə, veteranlarla əməkdaşlığı dərinləşdirməsidir. Diqqətə çatdırlıb ki, səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçiriləcək və gələn il Azərbaycanda Ehtiyatda və İstefada olan zabitlərin beynəlxalq konfransı təşkil ediləcək.

Tədbir diskussiya şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə