BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana səfərə gəlib

Helen Klark: “Azərbaycanla daha çox strateji məsələlər üzrə əməkdaşlıq etməyi düşünürük”
BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana səfərə gəlib

"Azərbaycana olan bu ilk səfərimə böyük ümidlərlə yanaşıram. BMT-nin İnkişaf Proqramı Azərbaycan müstəqillik qazandığı zamandan ölkənizdə fəaliyyət göstərir. Bu müddət ərzində göstərilən tərəfdaşlıq və dəstəyə görə minnətdarlığımızı bildiririk" SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark bildirib.

H.Klark bildirib ki, səfər çərçivəsində BMT-nin ölkə üzrə proqramının yenilənməsi, eyni zamanda təşkilatın Azərbaycandakı İdarə Heyətinin formalaşması, Azərbaycanla əməkdaşlığının müzakirəsi həyata keçiriləcək: "BMT Azərbaycanda ictimai xidmətlərin müasirləşdirilməsi, dayanıqlı inkişaf, qadınların səlahiyyətləndirilməsi, hüquqlarının bərabərləşdirilməsi kimi məsələlər ətrafında uzun müddət əməkdaşlıq edib. Bu səfər çərçivəsində sözsüz ki, qadın liderlərlə də görüşəcəyəm".

"Biz Azərbaycanla daha çox strateji məsələlər üzrə əməkdaşlıq etməyi düşünürük. Yəni, biz inkişaf sahəsində əməkdaşlığımızı genişləndirməyi planlaşdırırıq. Azərbaycan özünün beynəlxalq inkişaf agentliyini yaradıb. Bu da Azərbaycana topladığı təcrübəni bölüşməyə imkan yaradır - deyə, H.Klark əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə