AXCP-dən gedən portal rəhbərinin istefa səbəbləri EKSKLÜZİV

Orxan Carçı: “Əvvəlcədən özümü sığortaladım”
AXCP-dən gedən portal rəhbərinin istefa səbəbləri EKSKLÜZİV

Bu gün AXCP sıralarından istefa vermiş fəal cəbhəçi, "Carçı.az" portalının rəhbəri Orxan Carçı istefasının səbəblərinə aydınlıq gətirib. Bu barədə SİA-ya açıqlama verən Orxan Carçı tam olaraq müstəqil olmaq istədiyini bildirib.

Rəhbərlik etdiyi xəbər portalının müstəqil olduğunu deyən keçmiş cəbhəçi vurğulayıb ki, bir çoxları bu media orqanını AXCP-dən asılı olduğunu iddia etsədə, ancaq bu belə deyil: "Bizim məqsədimiz hakimiyyətin, ya da müxalifətin tərəfini tutmaqdan ibarət deyil. Əsas məqsədimiz xalqı maraqlandıran məsələlər barədə yazmaqdır. Mən müxalifətdən, ya da ayrı-ayrı şəxslərdən bir qəpik də pul almamışam".

Orxan Çarçı AXCP-dən istefası ilə bağlı keçmiş partiyadaşları tərəfindən tənqid, ya da təhqir hədəfinə çevrilərsə, susmayacağı barədə dediklərinə bu cür aydınlıq gətirib: "Bəli, istefamda yazmışam ki, tənqid, təhqir olunsam susmayacağam. Çünki Asəf Quliyev AXCP-dən gedəndə bir neçə nəfərlə söz savaşı baş qaldırmışdı. İstəmədim ki, mənimlə də bu cür rəftar olsun. Necə deyərlər, əvvəlcədən özümü sığortaladım. Bu gün məni tanıyanlar yaxşı bilir ki, mən kimsədən maddi vəsait alıb portalı işlətməmişəm. Müstəqil fəaliyyət göstərmək istəmişəm. Fəaliyyətimi bu gün də davam etdirirəm".

Qeyd edək ki, Orxan Carçı AXCP sıralarından istefa verdikdən sonra həmin istefa barədə partiya rəhbərliyindən məlumat almaq istəsək də onlar bu barədə heç bir söz danışmaq istəmədiklərini bildiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə