"Mirmahmud Mirəlioğlu "Milli Şura"nın müdafiə etdiyi dəyərlərin əksinə çıxır" Partiya sədri

"Mirmahmud Mirəlioğlunun "Milli Şura"dan istefa verməsində heç bir gizli məqam yoxdur". Bunu SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Klassik Xalq Cəbhəsi Partiyasının ( KXCP) sədri Mirmahmud Mirəlioğlunun "Milli Şura"dan istefa verməsinin səbəblərinə aydınlıq gətirərkən deyib.

Partiya sədri bildirib ki, müxalifətin yeni mərkəzi yaranmaqdadır: "Hesab edirəm ki, Mirmahmud Mirəlioğlu eyni anda iki qurumda işləyə bilməzdi. O, ən azından siyasi etika xatirinə öz mövqeyini müəyyənləşdirməli idi. Mirəlioğlu yeni mərkəzdə fəaliyyətini daha məqsədəuyğun hesab etdiyinə görə, "Milli Şura"nı tərk edib. Sözün düzü Mirəlioğlu "Milli Şura"nın müdafiə etdiyi dəyərlərin əksinə çıxır. Əgər Şura seçkilərdən öncə seçki bloku kimi fəaliyyət göstərirdisə, hazırda həmin qurum öz işini siyasi blok kimi qurur. Digər tərəfdən Mirəlioğlu AXCP sədri Əli Kərimli ilə əməkdaşlığa meylli adam olmayıb. Bu insanlar hər zaman fərqli mövqe nümayiş etdiriblər".

S.Cəlaloğlu Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin AXCP-nin müxalifətlə əməkdaşlıqdan yayınması fikrinə də münasibət bildirib: "Biz keçirdiyimiz bütün müzakirələrdə partiyaları əməkdaşlığa çağırsaq da Əli Kərimli hər zaman bu iş birliyindən kənarda qalır. Bu gün AXCP özünəməxsus yol tutub".

Bütün xəbərlər Facebook səhifəmizdə