"Azərbaycan vətənpərvərliyi yalnız keçmişə əsaslanmır" MƏQALƏ

"Azərbaycan vətənpərvərliyi yalnız keçmişə əsaslanmır" MƏQALƏ

SİA Yeni Azərbaycan Partiyasının üzvü, Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə mütəxəssisi, ABŞ-ın Corctaun Universitenin məzunu Tamerlan Vahabovun "Azərbaycan vətənpərvərliyi yalnız keçmişə əsaslanmır" adlı məqaləsini təqdim edir:

Bu gün Azərbaycan vətənpərvərliyi yalnız keçmişə əsaslanmır, keçmiş tarixin şanlı səhifələri ilə öyünmür, indi çağdaş Azərbaycanın siyasi kursu iftixar verici tarix yazır. Azərbaycan 1993-cü ildən olan ən yeni tarixi ərzində böyük yol keçib. Buraya Ermənistanla atəşkəsin əldə olunması, siyasi stabilliyin bərqərar olunması, milli barışığa nail olma, vətəndaş həmrəyliyi, dövlət və vətəndaş əməkdaşlığı, iqtisadi inkişafa doğru islahatların aparılması və dövlət strukturlarının möhkəmləndirilməsi kimi mühüm hadisələr daxildir.

Bugünkü gündə Azərbaycan yalnız enerjidaşıyıcılarına sahib və mühüm strateji coğrafi mövqeyə malik olan ölkə kimi tanınmır. Sabitlik və inkişaf illəri Azərbaycanı beynəlxalq münasibətlərin aktiv subyektinə çevirib. Azərbaycan artıq bir neçə ildir ki, iqtisadi göstəricilərinə görə MDB məkanında birinci sırada yer alır. Dünya İqtisadiyyat Forumunun dərc etdiyi Qlobal Rəqabət Qabiliyyəti İndeksinə görə ölkəmiz 38-ci yerdə qərarlaşıb. Son on il ərzində Azərbaycanın Ümumi Daxili Məhsul göstəriciləri üç dəfə artıb və bölgəmizdə ən yüksək göstəricilərdən biridir. Yeni Azərbaycanın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kurs, Azərbaycanda milli barışıq, konstruktivlik abu havasına, ruh yüksəkliyinə və Azərbaycan vətənpərvərliyinin artmasına səbəb olub. Hazırda, Azərbaycanın bir çox gənc mütəxəssisləri, xarici və yerli təhsil almış bacarıqlı kadrları məhz ümummilli missiya hissi ilə dövlət qurumlarında çalışırlar.

Ölkəmizdə milli barışıq və vətənpərvərliyin göstəricilərindən biri də, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən inkişaf etdirilən mövzu olan tolerantlıq, milli mədəni və mənəvi irsin qorunub saxlanılması və inkişaf etdirilməsidir. Tolerantlıq Azərbaycan xalqı mənəviyyatının mühüm hissələrindən biridir. Tolerantlıq və multikulturalizm Azərbaycanda özünüdərketmə və milliyyətindən asılı olmayaraq məhz Azərbaycan dövləti üçün milli iftixar hissinin artırılması yolunda mühüm məfhumlardandır.

Azərbaycanın inkişafında doğru görülən bütün işlərin nəticəsi 1993-cü ildən əsası qoyulmuş siyasi kursdan bəhrələnir. Buraya iqtisadi inkişaf, daxili sabitlik, xarici siyasətdə ölkələrlə praqmatik və praktik münasibətlərin qurulması, Avropa məkanına inteqrasiya daxildir. Avropa və Avropa qurumlarına inteqrasiya konsepsiyası qanunun aliliyi, demokratik dəyərlərin aşılanması və vətəndaşların təhlükəsizliyi, hüquq və azadlıqlarının qorunması kimi prinsipləri özündə cəmləşdirir. Son 20 ildə Azərbaycanda görülən işlər ölkəmizi sağlam fəaliyyətli, Avropa və milli dəyərləri özündə birləşdirən dövlətə çevirib.

Azərbaycanın inkişaf modeli çətin yollar keçərək bu gün öz bəhrəsini verməkdədir. Buraya Dağlıq Qarabağ münaqişəsi, daxili siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurması, qaçqın və köçkün ordusu kimi ağır proseslər daxildir.

Əldə olunan siyasi və iqtisadi nəticələr Azərbaycan modelini demokratiya nəzəriyyəsi və bununla bağlı aparılan elmi mübahisələrdə müsbət nümunə kimi təqdim edə bilər. Qərb demokratiya və politologiya mütəxəssisləri arasında demokratik proseslərin tətbiq olunma ardıcıllığı haqqında debatları son illər daha da çox vüsət alıb. Azərbaycan öz uğurlu nümunəsi ilə mərhələli və uzaqgörən siyasətin modelinin nəzəriyyəsini ortaya çıxarıb. Azərbaycan modeli nümayiş etdirdi ki, ölkənin təhlükəsizliyini təmin etmədən, daxili sabitliyə nail olmadan, dayanaqlı iqtisadi inkişaf templərinə nail olmadan birbaşa demokratik proseslərin tətbiq olunması qeyri mümkündür. Bu nəzəriyyə MDB məkanında son illər baş verən münaqişə və böhranların fonunda öz empirik əksini tapıb. 2008-ci il dünya maliyyə böhranı, MDB bölgəsində münaqişələr, davam edən müharibə şəraiti və digər qlobal təhdidlərə baxmayaraq, Azərbaycan uğurla inkişaf edib.

Öz uğurlu idarəetmə modeli və bunun nəticəsi olaraq Cənubi Qafqazda lider ölkəyə çevrilən Azərbaycan həm politologiya nəzəriyyəsinə, həm də dövlətlərin qarşısına qoyulmuş hədəflərə praktiki olaraq nail olunması sahəsində öz töhfəsini verməkdədir. Azərbaycanın dövlət strukturlarının möhkəmləndirilməsində, insan hüquqlarının qorunmasında, qanunun aliliyi sahəsindəki nailiyyətləri dünya siyasi elm sahəsində də öz nəzəri əksini tapır. ABŞ-ın ünlü Harvard Universitetinin politoloqu Deyvid Apşteynin elmi məqaləsində qeyd edilir ki, yalnız dayanaqlı iqtisadi inkişafı olan, varlı və kasıb təbəqələrin arasında olan uçurumların azalan ölkələrdə qanunun aliliyi sahəsində uğurlu islahatların aparılması mümkündür. Digər sözlərlə, Apşteyn nəzəriyyəsinin əsas arqumenti odur ki, iqtisadi qeyri-bərabərlik və təbəqələr arasında uçurum ölkədə siyasi böhrana gətirib çıxarır, bu isə öz növbəsində hökumətlərin əsas gücünü böhranın yatırılmasına yönəldir. Belə halda sağlam islahatların aparılması bir neçə il ləngiyə bilər və ölkəni iqtisadi təhlükəsizliyinə böyük ziyan vura bilər. Digər politoloq Ceyms Robinsonun fikrincə isə, varlı və kasıblar arasında uçurumların azalması müşahidə olunan ölkələrdə milli barışıq və konstruktivizm abu havasının yaranması üçün böyük imkanlar açır. Belə olan təqdirdə iqtisadi və siyasi islahatların aparılması üçün münbit zəmin yaranmış olur. Azərbaycanın inkişaf modeli və iqtisadı inkişaf göstəriciləri bu nəzəriyyələrin empirik əsasını təşkil edir.

Əfsuslar olsun ki, Azərbaycanın inkişafının bütün elmi-praktik əsaslarına baxmayaraq, Avropa İttifaqının bəzi qurumları və digər ölkələr erməni lobbisinin təsiri altında ölkəmizə qarşı qərəzli mövqe tutmaqda davam edirlər. Bu əsasən Dağlıq Qarabağ və insan hüquqları sahəsində uydurma şişirdilmə problemlərə aiddir.

Bütün bu çətinliklərə baxmayaraq, Avropa İttifaqı ümumilikdə və eləcə də dünyanın aparıcı ölkələri Azərbaycanın Cənubi Qafqazdakı lider rolunu qeyd edir, onun buradakı maraqları ilə hesablaşır və siyasi sahədə əldə etdiyi uğurlardan danışır. Yeni Azərbaycan Partiyasının da daxili strukturu və effektiv idarəetmə üsullarına Avropa siyasi partiyaların marağının olmasının qeyd edilməsi də burada yerinə düşür. Azərbaycanın siyasi konsepsiya və kursunun təməlini partiyanın rəhbəri prezident İlham Əliyevin uzaqgörənliyi və strateji baxışı təşkil edir. Bütün bunlar, eyni zamanda son dövrlər elm, təhsil, mədəniyyət, idman, ordu quruculuğu, gənclər siyasəti sahəsindəki uğurlar, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi öz növbəsində əhali arasında gələcəyə inamı möhkəmləndirir, vətənpərvərlik hissinin yüksəlməsinə təkan verir.

Yeri gəlmişkən demək istəyirəm ki, güman edirəm tezliklə "Vətənpərvərlik" haqqında dövlət konsepsiyası qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə