Heydər Əliyev Fondu balacaları sevindirdi FOTOLAR

12 sentyabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub. SİA-nın xəbərinə görə, tədbirdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondunun qısa müddətdə bir çox insanların ümid yerinə çevrildiyini bildirib.

Onun sözlərinə görə, Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi və köməkliyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələrin, sosial proqramların həyata keçirilməsi misilsiz xidmətlərdir. Fondun xətti ilə hər il onlarla təhsil və tibb ocaqları tikilir, internat məktəbləri, uşaq evləri təmir edilir, yeni avadanlıqlarla təchiz olunur, kimsəsizlərə və ehtiyacı olanlara qayğı göstərilir. Rayonumuzun bir çox məktəblərinin də məhz Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunduğunu, müasir standartlar səviyyəsində yenidən qurularaq balalarımızın ixtiyarına verildiyini vurğulayın.

Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.

Valideynlər onlara hər zaman göstərilən yüksək diqqət və qayğı üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...