Təhmasib Novruzov: “Eldəniz Quliyevdə bir sifət yoxdur” AÇIQLAMA

"Bu adam ziyalı adına bir qara ləkədir"

"Xalq arasında çox işlənən bir deyim var. Mən təbii ki, onu olduğu kimi işlədə bilmərəm. Çünki biədəb ifadədir. Ancaq həmin ifadəyə bənzərini deyəcəm. Bu, şivən qoparmaq məsələsidir. Bunlar da məhz belədir". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov son zamanlar radikal müxalifət düşərgəsinin Azərbaycan hakimiyyətinə qarşı şantaj törətmək cəhdlərinə münasibıtini bildirərkən deyib.

"O insanlar ki, pozğun həyat sürür, əxlaqsızlıqlar edir, mənəviyyatsızlıqlar törədir, özündən suçlu olduğuna görə həmişə öncədən qabaqlayıcı bir tədbir planlaşdırırlar ki, nəsə ola bilər", - deyə qeyd edən AHB sədri eyni zamanda bildirib ki, ölkə ictimaiyyəti bu kimi hadisələrin çox şahidi olub: "Ona görə də qabaqcadan bir söz deyim, fikir səsləndirim, hay-küy qoparım ki, bəlkə ortaya nə isə çıxara bildim. Amma Azərbaycan cəmiyyəti də, ictimai rəy də, hakimiyyət də, hüquq mühafizə orqanları da son 20 il müddətində belə hadisələrin çox şahidi olub, bu cür şivənləri də çox görüb. Hesab edirəm ki, əslində Azərbaycanın hüquq-mühafizə orqanları belə antimilli, antidövlət fəaliyyət göstərən, dövləti içəridən laxlatmağa can atan bu ünsürlərə qarşı həddən artıq loyal münasibət bəsləyir. Başa düşürük ki, Avropa İttifaqının da, Avropa Şurasının da, ATƏT-in də, ayrı-ayrı inkişaf etmiş dövlətlərin, xüsusilə ABŞ-ın da müəyyən təzyiqləri müqabilində hüquq-mühafizə orqanları bəlkə də loyallıq göstərirlər. Ancaq o yerdə ki, Azərbaycan dövlətçiliyinin maraqları var, Azərbaycanın milli maraqları var, onda burada heç bir təzyiqə əhəmiyyət vermək lazım deyil. Necə ki, Leyla Yunus, Arif Yunus, Rauf Mirqədirov və s. bu gün Azərbaycanın qanunları ilə ən ciddi şəkildə ittiham olunurlar".

Təhmazis Novruzov "Ziyalılar Birliyi"nin sədri Eldəniz Quliyevin də fəaliyyətinə toxunaraq bildirib ki, Eldəniz Quliyevin dünəni də hər kəsə məlumdur: "Vaxtilə Azərbaycanın parçalanmasındakı rolu da ölkə ictimaiyyətinə yaxşı məlumdur. Eldəniz Quliyevin hər gün bir sifətə düşməsi də kimsəyə sirr deyil. O, bir gün Rəsul Quliyevə, bir gün Rüstəm İbrahimbəyova, bir gün İsa Qəmbərə, bir gün Əli Kərimliyə ruslar demişkən "podxod" edən adam kimi tanınır. Ümumiyyətlə, bu adamda bir sifət yoxdur. Bu adam ziyalı adına bir qara ləkədir! Belə bir adamın bu gün hansısa Azərbaycanda mənəvi sağlamlıqdan, ziyalılıqdan, eləcə də digər bu kimi məsələlərdən danışmağa qətiyyən haqqı yoxdur, hətta qəbahətdir. Ona görə də hesab edirəm ki, Eldəniz və onun kimilərinin fəaliyyəti Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırırlmalıdır. Köüklü ciddi tədbirlər görülməlidir".

AHB sədri QHT-lərin fəaliyyəti ilə bağlı müəyyən dəyişikliklərə də münasibətini bildirib və deyib ki, əslində, QHT-lərin fəaliyyətinin nəzarətə götürülməsi çox yaxşı bir haldır: "Mən özüm də QHT sədriyəm və bizdən indi Ədliyyə Nazirliyi tərəfindən qrant alınmasına dair icazə sənədi tələb olunur və təbii ki, əldə edilən qrantların xərclənməsinə də nəzarət olunur. Bunun üçün də banklar müəyyən sənədlər tələb edir. Şəxsən məndən də həmin sənədlər tələb olunub və mən də bu sənədi məmnuniyyətlə vermişəm. Niyə həmin sənədi ürəkli verirəm? Çünki mənim fəaliyyətimdə heç bir antimilli, antidövlət və iqtisadi cinayətkarlıq faktları, maliyyə pozuntusu faktları, gizli fəaliyyət olmayıb və ola da bilməz. Məhz o adamlar bundan ehtiyat edir, qorxurlar ki, onları bu kimi əməlləri törədiblər. Ona görə də Azərbaycan hakimiyyəti belə tədbirlərin sayını artırmalı, dövlətə, xalqa xəyanət edən qüvvələr ifşa edilməlidirlər".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə