Elman Nəsirov: “Sarkisyanın bəyanatları sabun köpüyü effekti yaradır”
"İyul ayının sonu avqust ayının əvvəlində Ermənistanın cəbhə xəttində atəşkəs rejimini kobud şəkildə pozması, Azərbaycan ordusunun güclü əks zərbəsi ilə müşayiət olundu. Bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan anladı ki, hadisələrin bu şəkildə cərəyan etməsi onun kürsüsünü laxladacaq. Ona görə də onun son bəyanatları və atdığı addımları daxili auditoriyanı sakitləşdirməyə hesablanıb". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Sarkisyan atdığı addımlarla uğursuz siyasətini izlətməyə çalışır: "Bu gün Ermənistan günü-gündən zəifləyir. Faktiki olaraq Ermənistan suverenliyini itirib və vassal dövlətə çevrilib. Ona görə də Ermənistan rəhbərliyini dünyadakı erməni lobbisi və diasporası daha çox tənqid edir. Onlar arzulayırlar ki, Serj Sarkisyan tezliklə hakimiyyətdən getsin. Erməni lobbisi Serj Sarkisyanın Ermənistanı uçuruma aparacağını düşünür. Belə vəziyyətdə Sarkisyan rejimi müxtəlif versiyalar üzərində baş sındırır, müxtəlif yollara əl atmaqla aldadıcı görüntü yaratmağa çalışır".
Politoloq deyib ki, Sarkisyanın bu cür addımlarından biri Sərsəng Su Elektrik Stansiyasının yenidən bərpası ilə bağlı etdiyi açıqlamasıdır: "Hər kəsə məlumdur ki, Ermənistanın Sərsəng SES-i bərpa etməyə maliyyə imkanları yoxdur. Ermənistan xaricdən gələn ianələr hesabına yaşayır və onların da böyük bir hissəsi şəxsi ciblərə gedir. Belə olan halda Ermənistan bu layihəni həyata keçirmək üçün xalqın cibinə girməlidir. Yəni vergiləri artırmalı, pensiyaları daha da aşağı salmalıdır ki, bu da xalqın onsuzda ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Bütün bunlara görə də, erməni xalqı Sarkisyan hakimiyyətini qəbul etmək istəmir".
Politoloq erməni xalqının ölkəsini tərk etməsi məsələsinə də toxunub: "Artıq erməni xalqı ölkəni tərk edir cümləsi reallığı əks etdirir. Çünki, ermənilər oradan qaçırlar. Bu gün Ermənistanda ziyalılar həyəcan təbili çalır. Onlar bildirir ki, Ermənistanda ağ genosid baş verir. Yəni əhali şəhərləri kütləvi şəkildə tərk edib gedir. Bu isə Sarkisyan iqtidarının yarıtmaz fəaliyyəti ilə əlaqədardır",
Politoloq vurğulayıb ki, Sarkisyanın müxtəlif layihələr reallaşdıracağı ilə bağlı səsləndirdiyi bəyanatlar sabun köpüyü effektinə bərabərdir: "Belə bəyanatlarla Sarkisyan əhalinin Ermənistandan kütləvi qaçışının qarşısını ala bilməyəcək. Bu axının qarşısını almaq mümkün deyil. Bu bir reallıq, aksiomadır. Ermənistan cəmiyyətinin əksəriyyəti də bunun fərqindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB