“Debka” Rusiya kəşfiyyatının orqanı da ola bilər PROQNOZ

Elçin Mirzəbəyli: “Azərbaycan media qurumlarının sözügedən məsələyə ehtiyatla yanaşmasına ehtiyac var”
“Debka” Rusiya kəşfiyyatının orqanı da ola bilər PROQNOZ

"Azərbaycanda fəaliyyət göstərən radikal düşərgə mətbuatı təxribat xarakterli məlumatları şişirtməkdə daha çox maraqlıdır. Onlar hətta xəritəyə baxmadan belə, məsələnin Azərbaycan üzərinə gətirilməsinə cəhd göstərirlər". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bir neçə gün öncə İran ərazisində vurulduğu iddia olunan pilotsuz kəşfiyyat təyyarəsi ətrafında gedən mülahizələrə, eyni zamanda təxribat ehtimallarına münasibətini açıqlayarkən deyib.

Elçin Mirzəbəyli istisna etməyib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən bəzi media qurumları da həmin təxribatı yönəldənlərin tərkib hissəsinə çevriliblər: "İndiki şəraitdə sözügedən media qurumları bu təxribatın içində faktiki olaraq yer almış kimi görünürlər. Beləliklə, məqsəd aydındır. Bu məlumatları İsrailin kəşfiyyat qurumlarına yaxın olan "Debka" saytı yayıb və əslində, bu sayt mütəmadi olaraq müxtəlif ölkələrlə bağlı təxribat xarakterli informasiyalar yayır. Təəssüf ki, onlar Azərbaycanı da hədəf kimi seçiblər. Ancaq indiki həssas dönəmdə əsas məqsəd İran üçün problem yaratmaqdır. Yəni regiondakı vəziyyətdən istifadə edərək gərginlik yaratmaq onların birinci məqsədidir. Çünki bilirik ki, Yaxın Şərqdə çox təhlükəli bir proses davam edir. Bu proses məzhəblərarası qarşıdurmalarda müşahidə edilir. Təbii ki, bu amil bir sıra dövlətlərin, o cümlədən də İsrailin maraqlarına uyğundur. Daha dəqiq desək, indiki şəraitdə İraqda, Suriyada gedən proseslər də bura aiddir. Görünür, hansısa xarici kəşfiyyat orqanlarının daha bir məqsədi İranın Suriyaya və İraqa yönəlmiş diqqətini həmin ərazilərdən çəkmək və Azərbaycan üzərinə yönəltməkdən ibarətdir".

"Əslində, bu çox diqqətlə araşdırılmalı məsələdir" -deyə, vurğuayan Mirzəbəyli həmçinin qeyd edib ki, bu kimi infiormasiya materiallarının ilk növbədə haradan ötürüldüyünü öyrənmək lazımdır: "O da bəllidir ki, İsrail mətbuatında Rusiyadan bu ölkəyə köçmüş jurnalistlərin bir sıra mətbuat orqanları şəbəkəsi fəaliyyət göstərir. Belə ki, "Debka" saytı haqqında da birmənalı fikir yoxdur. Bəziləri iddia edir ki, bu sayt "Mossad" tərəfindən yaradılıb, digərlərinin iddiasına görə isə adıçəkilən sayt, məhz Rusiya kəşfiyyat orqanları tərəfindən yaradılan, eləcə də idarə edilən informasiya orqanıdır. Hərhalda, "Debka"nın müəmmalı və təxribat xarakterli sayt olması artıq dəqiqləşməkdədir. Düşünürəm ki, bu məlumatlar ciddi şəkildə araşdırıldıqdan sonra daha ciddi faktlar barədə mülahizələr yürütmək olar. Amma indiki şəraitdə İranın da mənasız bəyanatlar verməsini əsassız hesab edirəm. Çünki pilotsuz təyyarənin vurulması və düşdüyü ərazi, ümumiyyətlə bu təyyarənin haradan gəlməsi şübhəli məqamları ortaya çıxarır. Digər tərəfdən bu təyyarə doğrudanmı vurulub? Yaxud növbəti blef deyilmi? Bu da sözün doğrusu, mübahisə doğuracaq bir məsələdir".

Elçin Mirzəbəyli onu da bildirib ki, bundan əvvəl də İran tərəfi mütəmadi olaraq, ABŞ-ın, İsrailin kəşfiyyat təyyarələrinin vurulması ilə bağlı məlumatlar yayırdı: "Məhz həmin məlumatların bir hissəsi heç də özünü doğrultmamışdı. İndiki şəraitdə təxribatın İsrail tərəfindən, yaxud da digər tərəfdən ortaya çıxdığını müəyyənləşdirmək çox çətindir. Düşünürəm ki, belə bir məqamda Azərbaycan media qurumlarının sözügedən məsələyə ehtiyatla yanaşmasına ehtiyac var və belə təxribatlara qarşı da ayıq-sayıq olmaq lazımdır".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə