Mərkəz sədri: “Rusiyanın Ukraynaya yönəlik siyasətində iki addım irəli, bir addım geri tendensiyası müşahidə edilir”
"Rusiyanın Ukraynaya yönəlik siyasətində iki addım irəli, bir addım geri tendensiyası müşahidə edilir". Bunu SİA-ya açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.
H. Cabbarlı bildirib ki, hələlik bütün hallarda Rusiya Qərbdən bir addım irəlidədir: "Ukraynanın şərqində əsl müharibə yaşanır və hər iki tərəf ağır silahlardan istifadə edir. Ukraynanın ağır silahlardan istifadə etməsini anlamaq mümkündür. Ukrayna bir dövlətdir və arsenalında hər cür silah var. Ancaq separatçı qüvvələrin bu ağır silahları necə təmin etdikləri maraq doğurur."
Mərkəz rəhbəri qeyd edib ki, Rusiyaya qarşı Qərbin iqtisadi sanksiyaları müəyyən nəticələr versə də, Qərbin iqtisadiyyatı da problemlərlə qarşılaşır: "Məsələn, Almaniya Rusiyaya tətbiq edilən sanksiyalardan 6 milyard dollar itirə bilər. Bu isə o qədər də az məbləğ deyil. Bundan başqa Rusiyanın sanksiyalara qarşılıq Qərbə müəyyən sanksiyalar tətbiq etməsi də Qərb üçün tamamilə başqa problemdir".
"Rusiyanın Ukrayna məsələsində geri addım atacağını ehtimal edənlər Rusiya rəsmisinin Ukrayna məsələsi həll edildikdən sonra Dnestryanı bölgəsinin də Rusiyaya birləşdiriləcəyini ifadə etməsini unutmamalıdır. Bu Qərbə və post-sovet dövlətlərinə verilən incə bir mesajdır. Rusiyalı rəsmi bildirmişdi ki, biz Ukrayna məsələsini öz xeyrimizə həll edəcəyimizdən əminik və bundan sonra Dnestryanı bölgəsini də Rusiyaya birləşdirəcəyik. Post-sovet dövlətləri bu mənzərəni yaxşı oxumalı və dəyərləndirməlidir. Qərb bu vəziyyətdə dəyişiklik edə bilməsə, birdən-birə Rusiyanın Sovetləri bərpa edəcəyini görə bilərlər" – deyə, H.Cabbarlı vurğulayıb.
Politoloq bildirib ki, Post-sovet coğrafiyasındak bütün dövlətləri Rusiya təhlükəsi təhdid edir: "Qərb Ukraynanı itirmək istəmirsə və bu məsələdə ciddi naliliyyətlər əldə etməsə, o zaman digər post-sovet dövlətlərinin vəziyyəti daha ciddi ola bilər. Hazırda beynəlxalq münasibətlər sistemi bəlkə də ikinci dünya müharibəsindən sonra ən ciddi böhran dövrünü yaşayır. Hətta bu Kuba böhranından daha ciddir. Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Böyük dövlətlərin iqtisadiyyatları bir-biri ilə o qədər iç-içə keçib ki, birinin digərinə iqtisadi sanksiya tətbiq etməsi birbaşa öz iqtisadiyyatına da mənfi təsir edir. Təəssüflər olsun ki, həm bölgə, həm də beynəlxalq aləmdə bu cür təhdidlərin bundan sonra da yaşanması ehtimalı var. Hal hazırda yaşanılan Ukrayna böhranı daha ciddi nüanslarla zənginləşə bilər. Yəni total silahlı münaqişə ehtimalını da bərabərində gətirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB