"Gürcüstan və İran Dağlıq Qarabağ tənzimlənməsində indiyədək olan destruktiv mövqelərinə yenidən baxsalar özləri üçün faydalıdır". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin konturları bəllidir: "20 il ərzində Ermənistan heç bir uğur əldə edə bilməyib, Dağlıq Qarabağın müstəqilliyini heç bir sənəddə təsbit etdirə bilməyib. 20 il ərzində ermənilərin yeganə uğuru işğalçılığın davam etməsindədir. Amma bu işğalçılığın davam etməsi Ermənistan dövlətçiliyinin mövcudluğunu ciddi şübhə altına salıb, dünya erməniliyini isə xeyli zəiflədib. Azərbaycan getdikcə irəliləyir. "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi" adlı tamaşanın final səhnəsi yaxınlarda oynanılacaq,amma kulminasiyanın necə bitəcəyini heç kim deyə bilməz. Bir şey məlumdur ki, razvyazka çox sürətlə gedəcəkdir. Bu Azərbaycan üçün ən ideal variantdır. Qarabağ münaqişəsi tənzimləndikdən sonra Azərbaycanın inkişafının qarşısını ala biləcək heç bir maneə qalmır. Rusiya ilə qarşılıqlı tamamlama siyasəti fonunda Azərbaycanın inkişaf perspektivləri indi təsəvvür olunduğundan da çox irəliyə gedə bilər. Ona görə indiki dövrü Azərbaycanın və Ermənistanın qonşuları olan Gürcüstan və İran üçün şans hesab edirik. Əlbəttə, özünü necə təqdim etməsindən asılı olmayaraq, İran müxtəlif dövlətlərdən müxtəlif cür görünür. Dünyanın başqa bir dövləti üçün coğrafi, fiziki, demoqrafik potensialına görə nəhəng dövlət kimi görünən İran Ermənistan üçün gücsüz dövlətdir. Ona görə Ermənistan İranın ortalığa qoyduğu ideyaların heç birisini qəbul etmir, amma İranın iqtisadi imkanlarını öz maraqlarına uyğun işlədə bilir. Bunun günahı ilk növbədə İranın özündədir. Sırf islami dövlət kimi özünü təqdim edən İranın islami prinsipləri pozması Ermənistanda İranın gücü barədə elə indiki effekti yaratmalı idi. İran regional layihələrdə öz iştirakını və gücünü artırmaq məqsədi ilə də Azərbaycana müraciət edə bilər. Azərbaycanın İranla birlikdə iqtisadi layihələri İranı xeyli gücləndirə bilər və belə güclənmiş İran Ermənistan üçün nüfuz mənbəyinə çevrilə bilər".
"Gürcüstandan çox şey asılıdır. Ermənistanın bütün kommunikasiyaları Gürcüstandan keçir. Qərbin nöqteyi-nəzərində Ermənistanın Qərbə inteqrasiyası yalnız Gürcüstan vasitəsi ilə mümkündür. Çünki Qərb Ermənistanın Türkiyəyə münasibətini dəyişəcəyinə inanmır. Türkiyə-Ermənistan sərhədi açılsa da, bu yalnız müvəqqəti ola bilər. Ona görə Gürcüstan Ermənistana daha böyük təsir rıçaqlarına malikdir. Gürcüstanın işğalçı Ermənistana xidmət etməsi və onun işğalçılığının qarşısının alınmasında iştirak etməməsi Azərbaycan tərəfdən cavabsız qala bilməz. Mümkün deyildir. "Qızılgül inqilabından" sonra Azərbaycan Rusiyanın Gürcüstanla bağlı şərtlərini qəbul etsəydi, Dağlıq Qarabağ məsələsi 2008-ci ilədək həll oluna bilərdi. Azərbaycan Gürcüstanla əlaqələri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən üstün tutdu. İndi bu gün Azərbaycan-Gürcüstan münasibətlərində baş verənlərin bəziləri inciklik elementi kimi qəbul edilməlidir" – deyə M.Əhmədoğlu bildirib.
Politoloq deyib ki, Gürcüstan və İranın Dağlıq Qarabağın tənzimlənməsində iştirakı ilə bağlı bu fikirlər Azərbaycanın əlavə köməyə ehtiyacının olması təsəvvürü yaratmamalıdır: "Azərbaycan özünü bu regionda kifayət qədər sahiblik qüdrətinə malik dövlət kimi hesab edir. Azərbaycanın uzunmüddətli regional strategiyası var. Gələcəkdə qonşularla münasibətdə təhlükə yaradan məsələlərin preventiv həlli də bu strategiyanın tərkib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB